Azərbaycanın Əməkdar artisti Fərqanə Qasımova İsveçə yaradıcılıq səfəri çərçivəsində Stokholmda yerləşən “KMH” Kral Musiqi Məktəbində yerli tələbələrə ustad dərsi keçib.
Tədbirin aparıcısı olan məktəbin əməkdaşları sənətçini salamlayaraq, onu Azərbaycan muğam ənənə və lirikasını yaşadan və bu sahədə yeniliklər edən tanınmış xanəndə kimi xarakterizə ediblər. Diqqətə çatdırılıb ki, ifaçı İsveçə, Uppsala şəhərində keçirilən “Maraqlı Klassiklər” (“Curious Classics”) adlı festivalda iştirak etmək üçün gəlib.
Fərqanə Qasımova tələbələr qarşısında Azərbaycan muğamlarını ifa edib, milli musiqimizin və ifaçılıq sənətinin incəliklərindən ətraflı söz açıb və tələbələri maraqlandıran sualları cavablandırıb. Bir sıra muğam və təsniflərin səsləndiyi ustad dərsində tələbələrlə birgə mahnılar da ifa olunub. Qeyd edək ki, tanınmış muğam ifaçının ustad dərsi pulsuz təşkil edilib.
Fərqanə Qasımova İsveçə səfəri zamanı Uppsala və Malmö şəhərlərində konsert proqramları ilə də çıxış edib. Onu Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyevdən ibarət musiqi qrupu müşayiət edib.