Riqada “Hər şey Latviya üçün” adlı rəqs müsabiqəsi keçirilib. Latviyanın müstəqilliyinin 100 illiyinə həsr olunmuş müsabiqədə bu ölkədə yaşayan xalqların nümayəndələri milli rəqsləri ilə çıxış edirlər.

Riqada yaşayan həmvətənlərimizin “Çinar” rəqs ansamblı da müsabiqəyə qatılan qruplar arasında fərqlənərək finala yüksəlib. Qrupun üzvləri Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudova “Sarı gəlin” rəqsini ifa ediblər.

Oktyabrın 22-də Riqa VEF Mədəniyyət Mərkəzində keçirilən finalda azərbaycanlı balacalar “Qaval rəqsi” ilə bir daha münsiflər heyətinin qarşısına çıxıblar. Milli geyimli iştirakçıların rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Hər şey Latviya üçün” müsabiqəsi artıq üçüncü ildir ki, keçirilir. Məqsəd xalqlararası mədəniyyətlərin vəhdəti, onların Latviya tərkibində milli mənsubiyyətinin dərk edilməsi, həmçinin bu ölkəyə olan bağlılıqlarının gücləndirilməsidir.