Oktyabrın 30-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xalq rəssamı Rafiq Mehdiyevin (1933-2009) 85 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
“İz” layihəsi çərçivəsində reallaşacaq tədbirdə rəssamın həyatı, sənət fəaliyyəti haqqında məlumat veriləcək. Tədbirdə Rafiq Mehdiyevin bir sıra əsərlərinin təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssam C.Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqallı uşaq”, “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy” əsərlərinə illüstrasiyalar çəkib. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə onun rus yazıçısı N.Poqodinin “Silahlı adam” və M.İbrahimovun “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib.
Onun monotipiya texnikasında yaratdığı əsərlər içərisində “Kənd”, “Uşaqlar”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Yağışdan sonra” tablolarını qeyd etmək olar. Rəssam maraqlı rəngkarlıq nümunələri də yaradıb. “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları bu qəbildəndir.