Cənubi Koreyanın tanınmış rejissoru Kim Ki Duk Almatıda işçi adı “Din” olan bədii film çəkməyə hazırlaşır. Qazaxıstan mediasının yazdığına görə, psixoloji dramda Dinara adlı qadının başına gələn əhvalatlar ekranlaşdırılacaq.

Koreyalı rejissor filmin həm də quruluşçu operatoru olacaq. Noyabrda başlanacaq çəkilişlərdə Qazaxıstanın “Astana Film Fund” təşkilatı da iştirak edəcək. Bütün çəkilişlər Qazaxıstanda və qazax aktyorlarının iştirakı ilə aparılacaq.

Məlumat üçün deyək ki, Kim Ki Duk “Pyeta” trillerinə görə Venesiya kinofestivalının “Qızıl şir” mükafatını qazanıb. Onun “Yaz, yay, payız, qış... yenə də yaz”, “Boş ev”, “Pis uşaq” filmləri daha məşhurdur.

GÜLCAHAN