Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər İsmayıllı və Oğuz  rayonlarında keçirilib.

Oğuz rayon Mədəniyyət evində keçirilən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Anar Məcidov qonaqları salamlayıb, maarifləndirici layihələrdən söhbət açıb.

ARB “Aranfilm” Yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsindən sonra mərkəzin istehsalı olan “Sarmaşıqlı məzarlar” sənədli filmi nümayiş olunub.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Cümhuriyyət dövründə mədəniyyət” mövzusunda çıxış edib, mövzu ətrafında müzakirə keçirilib. 

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açaraq bölgələrdə keçirilən maarifləndirici tədbirlərə görə Bilik Fonduna təşəkkür edib.

Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova “Cümhuriyyət dövründə təhsil islahatları” mövzusunda məruzə edib.

Tədbirdə “Aranfilm”in istehsalı olan “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.