Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-29-da Qax və Şəki rayonlarında infrastruktur layihələrinin, yeni müəssisələrin, mədəniyyət ocaqlarının açılışında iştirak ediblər.
Şəki şəhərində Heydər Əliyev Mərkəzinin yeni binası orijinal layihə əsasında inşa edilib. Ulu öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən mərkəzdə zəngin ekspozisiya qurulub. Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı var. Mərkəzdə xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək.
Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nin üzvü olmasına dair xüsusi guşə yaradılıb, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.
Prezident və birinci xanım Şəkidə Bayraq Muzeyinin açılışında da iştirak ediblər.
Şəkidə açılışı keçirilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi isə qədim xalq sənətkarlıq irsinin qorunub yaşadılmasına dövlət qayğısının daha bir nümunəsidir. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası XIX əsrin ikinci yarısında tikilib və kazarma kimi istifadə olunub. Baxımsız və qəzalı şəraitdə olan həmin bina “Paşa Holdinq”in dəstəyi ilə yenidən qurulub.
Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə də müəyyən edilir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim odun sobaları üzə çıxarılıb.
Mərkəzlə tanışlıq zamanı bildirilib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir. Qoruğun UNESCO-nun Mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. “Xan sarayı” I, IV, V meyarlarla irs siyahısına salınıb. Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bura həm də Qafqazda ilk keramika sənəti üzrə ilk belə mərkəz kimi tarixə düşəcək. Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, təlimlər təşkil olunacaq.