Noyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Artxronika” maarifçilik layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından olan Leonid Bajanovdur.
Rusiyalı ekspert 1960-1980-ci illərin rus anderqraund mədəniyyətinin formalaşmasından, yeni cərəyanlardan, sosial realizmdən uzaqlaşma haqqında bəhs edəcək. 60-80-ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti, milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəst-xəttinin olmasıdır.
Leonid Bajanov 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq bölməsini bitirib. Çoxsaylı məqalələrin, qısametrajlı filmlərin müəllifidir. Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin, həmçinin Venesiya biennalesində Rusiya layihələrinin kuratoru olub.