Polşanın ən böyük və qədim opera teatrlarından olan – Vroslav Opera və Balet Teatrında klassik balet şedevrlərindən olan Adolf Adanın “Jizel” əsərinin yeni quruluşda premyerası olub.
Tamaşanın musiqi rəhbəri Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevdir.
Balet dünya şöhrətli xoreoqraflar Jean Coralli və Jules Perrotun (Fransa) quruluşunda səhnələşdirilib. Onun yeni versiyası Varşava Milli Opera Teatrının baletmeysterləri Eva Glovacka və Zofia Rudnicka tərəfindən bərpa olunaraq Vroslavda yenidən tamaşaçıların ixtiyarına verilib.
Tamaşadan sonra Vroslav Opera və Balet Teatrının direktoru Marçin Naleç-Niselovski dirijor Əyyub Quliyevə və digər iştirakçılara təşəkkür edib. Əyyub Quliyev teatrın rəhbərliyi tərəfindən yenidən sənət ocağında səhnə əsərlərinə dirijorluq etmək üçün dəvət alıb.