Moskva Beynəlxalq Musiqi Evində Azərbaycan bəstəkarı, skripka ifaçısı, Əməkdar artist Fərhəng Hüseynovun “Kodayu” operasının Rusiya premyerası olub.
“Rusiya-Yaponiya qarşılıqlı mədəniyyət ili” çərçivəsində nümayiş etdirilən tamaşa Yaponiya musiqisevərlərinə hələ 1993-cü ildə təqdim edilib. Səhnə əsərinin librettosunu Yaponiyanın opera müğənnisi Eyko Aoki yazıb.
Müğənninin oğlu, “AOKİ” nəşriyyat evinin rəhbəri Yosihide Aoki bildirib ki, opera 1990-cı ildə yazılıb: “Mənim anam Eyko Aoki hər zaman Rusiya ilə dostluq münasibətlərinin qurulmasına çalışıb. XVII əsrdə yaşamış yaponiyalı səyyah Daykoku Kodayunun Rusiyaya səfəri və 11 ildən sonra vətəninə qayıtması barədə maraqlı tarixi hadisə onun diqqətini cəlb etmişdi. Operanın librettosu hazır olandan sonra anam Azərbaycan bəstəkarı Fərhəng Hüseynova müraciət etdi. Onun əsas istəyi bu idi ki, operanın musiqisi hamı üçün anlaşıqlı, eyni zamanda orijinal olsun. Fərhəng Hüseynov bu vəzifənin öhdəsindən layiqincə gələ bildi”.
O həmçinin qeyd edib ki, gələn il Fərhəng Hüseynovun (1949-2010) yubileyi ərəfəsində Azərbaycana gəlməyi planlaşdırır. “Mərhum bəstəkarın vətəni ilə tanışlıq mənim üçün çox maraqlı olar. Eyni zamanda “Kodayu” operasının Azərbaycanda səhnələşdirilməsi barədə də danışıqlar aparmaq niyyətim var”, - deyə Y.Aoki bildirib.
Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının müəllimi Tomris Hüseynova xatırladıb ki, 1991-ci ildə Fərhəng Hüseynov “Zamana səyahət” əsərinə görə Tokioda keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Müsabiqə Yaponiyanın “Asaxi” televiziya kanalı və UNESCO tərəfindən təşkil edilmişdi: “Həmin səfəri zamanı atama “Kodayu” operasını yazmaq təklifi gəldi. Çox istərdim ki, atamın 70 illik yubileyi münasibətilə bu opera Azərbaycanda səslənsin”.
Tomris Hüseynova həmçinin tamaşanın yaradıcı heyətini təbrik etməyə gəlmiş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna atasının yaradıcılığına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Moskvada operanı “Amadey” Musiqi Teatrının rejissoru Oleq Mitrofanov səhnələşdirib. Rolları “Novaya opera” teatrının solisti Andrey Berus, “Gelikon opera”nın solisti Yelena Semyonova, Böyük Teatrın solisti Yelena Okolışeva və başqaları ifa ediblər.