Azərbaycanın “D’ACCORDO” barokko ansamblı Sankt-Peterbuqrda keçirilən 9-cu beynəlxalq “Gümüş lira” kamera musiqisi festivalında parlaq konsert proqramı ilə çıxış edib.
Kollektivin bədii rəhbəri, Əməkdar artist İlahə Sadıqzadə bildirib ki, səkkiz konsertdən ibarət olan festivalda Avstriya, Azərbaycan, Macarıstan, Niderland, Serbiya, ABŞ və Rusiyadan olan istedadlı musiqiçilər kamera ifaçılığı məharətini nümayiş etdiriblər.
2016-cı ildə yaradılmış “D’ACCORDO” ansamblı Azərbaycanda barokko və renessans kimi tarixi musiqi ifaçılığı manerasını tətbiq edən ilk kollektiv olub. Ansambl hələ gənc olmasına baxmayaraq, repertuarı kifayət qədər genişdir və XV-XVII əsrlərdə yaşayıb-yaratmış müxtəlif bəstəkarların əsərlərini əhatə edir. Kollektiv ölkəmizdə keçirilən festivalların iştirakçısıdır.
Sankt-Peterburqdakı konsertdə ansamblın heyətində kollektivin bədii rəhbəri İlahə Sadıqzadə (klaveşin, zərb alətləri), Elina Əliyeva (skripka), Lalə Miralayeva (skripka), Ziba Rəcəbli (alt), Əməkdar artist Eyyub Əliyev (violonçel), Əsmər Kərimli (violonçel), Nicat Salmanov (fleyta), Rövşən Məmmədov (gitara) çıxış ediblər. Solo ifaçılar əməkdar artistlər Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor) olub.