Noyabrın 7-8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Orqan musiqisi festivalı keçiriləcək.
Ölkəmizdə ilk dəfə təşkil olunan festival Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir.
Festival çərçivəsində noyabrın 7-də “Azərbaycan orqan sənətinin inkişafı yolu” mövzusunda elmi konfrans və orqan musiqisindən ibarət konsert keçiriləcək. Festival noyabrın 8-də Avropa orqan musiqisi ilə başa çatacaq.
Musiqisevərləri maraqlı proqram gözləyir. Konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri orqanla birgə milli musiqi alətimiz olan tarda da ifa ediləcək. Xanəndə və vokalçılar da səhnədə yer alacaqlar.
Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib ki, Azərbaycanda orqan musiqi məktəbi qısa zaman kəsiyində mühüm inkişafa nail olub və bu gün də dünya səviyyəsində musiqiçilər yetişməkdədir.