Noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinci “Estrada mahnısı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşıb.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə müsabiqənin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, müsabiqədə əsas məqsəd unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında yeni mahnıların yazılmasını təşviq etməkdir. Ötən il dekabrın 8-də elan edilən müsabiqənin 1-ci seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib.

Şərtlərə görə, müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart-aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib.

Təqdim olunan əsərlər xalq artistləri Firəngiz Əlizadə, Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra qaliblər diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya həvəsləndirici mükafatlar təqdim edilib.

Qeyd edək ki, noyabrın 7-də Heydər Əliyev Sarayında müsabiqə qaliblərinin qala-konserti olacaq.