“Astana Balet” teatrında (Qazaxıstan) neoklassika üslubunda tamaşaya qoyulmuş yeni baletin premyerası olub. ABŞ-ın məşhur xoreoqraflarından sayılan Nikolo Fontenin quruluşunda, İtaliya bəstəkarı Etsio Bossonun musiqisi əsasında hazırlanmış birpərdəli “İtirilmiş sevgi kumirləri” (“Love’s Lost Idols”) tamaşası böyük maraqla qarşılanıb.

Nikolo Fonte sənətdə cəsur novator kimi tanınır. Tənqidçilərin dediyinə görə, onun quruluşları ekspressivliyi və cəlbedici süjetləri ilə seçilir.

Nikolo Fonte ilə “Astana Balet” truppasının ilk görüşü teatrın Nyu-Yorka ötənilki qastrolu zamanı baş tutub. Kollektivin çıxışını seyr edəndən sonra xoreoqraf teatrın peşəkarlıq səviyyəsi barədə təəssüratını bölüşüb. Sonradan məxsusi olaraq Qazaxıstan paytaxtının balet teatrı üçün orijinal səhnə əsərinin yaradılması barədə qərar qəbul edilib.

Teatrın 5-ci mövsümünün ilk premyerası olan “İtirilmiş sevgi kumirləri” tamaşası  “Hər şeyin nə vaxtsa bitəcəyini bilərək yaşamaqdan və sevməkdən necə usanmamalı?” fəlsəfi  sualına cavab verir.

Gülcahan MİRMƏMMƏD