3-4 noyabr tarixində Göyçayda XIII Nar festivalı keçirilib. Mədəniyyət Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi festivala dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai xadimlər, xarici ölkələrin Azərbaycandakı diplomatları, yerli və xarici iş adamları, minlərlə yerli sakin qatılıb. Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının 40 nəfərə yaxın üzvü də tədbirdə iştirak edib.
Rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilən Nəriman Nərimanov küçəsində musiqi sədaları altında, təntənəli şəkildə qarşılanıblar. Milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar.
Professor Arif Məmmədov adına Uşaq musiqi məktəbinin qarşısında festivalın açılış mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 13-cü dəfə təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır.
Sonra rəngarəng bayram konserti olub. Xanəndələrin ifasında milli mahnılar oxunub, rəqslər nümayiş etdirilib. Milli geyimli atlılar dəstəsinin keçidi iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməplov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib.
Ertəsi gün festival Heydər Əliyev parkında davam etdi. Nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib.
Müxtəlif turizm şirkətləri 3-4 noyabr tarixində Bakıdan Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar.