Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari ilin 8-12 noyabr tarixində qardaş ölkədə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” keçiriləcək.
Silsilə tədbirlər Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində açılış mərasimi ilə başlayacaq. Burada “Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı sərgi, habelə milli suvenirlər, tarixi geyimlər nümayiş olunacaq.
9 noyabrda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı elmi konfrans keçiriləcək. Tədbirdə iki ölkə arasında ədəbi əlaqələrə, Hüseyn Cavid yaradıcılığına dair məruzələr dinləniləcək. Konfransın materialları artıq Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində Daşkənddə çap olunub.
Həftə çərçivəsində Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Özbəkistanın şəhərlərində lentə alınmış “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi klipi nümayiş etdiriləcək, tarixi geyimlərimizdən ibarət moda sərgisi iştirakçılara təqdim olunacaq. Özbəkistanın bir sıra kitabxanalarına tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair kitablar hədiyyə olunacaq.
Tədbirlərin yekunu olaraq AMM-də “Sən yaşa, Azərbaycan” adlı foto və rəsm sərgisi, konsert keçiriləcək.