50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram Teatrı repertuarını zənginləşdirməkdədir. Teatrda rus xalq nağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası olub.
Kiçikyaşlı tamaşaçılar, məktəblilər üçün əyləncəli və maarifləndirici nağıl-tamaşada obrazların timsalında ağıl və gücün müqayisəsi aparılır.
Nümayişdən öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.
Obrazları teatrın gənc və ortayaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa edirlər.