Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Milli dövlətçilik tariximizin şanlı səhifəsi – müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dünyanın müxtəlif ölkələrində təntənəli tədbirlərlə qeyd edilir. “Cümhuriyyət ili”nin tədbirlərindən növbətisi Almaniya paytaxtında gerçəkləşib. Mərasim Cümhuriyyətin yadigarı olan üçrəngli bayrağımızın qəbul olunmasının 100-cü ildönümünə – Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf edib.
Berlində Heydər Əliyev Fondunun və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən rəsmi qəbulun iştirakçıları əvvəlcə Cümhuriyyətin 100 illiyinə həsr olunan sərgi ilə tanış olublar.
Mərasimdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun Almaniya ilə də mədəniyyət mübadiləsinə önəm verdiyini, bu ölkədə çoxsaylı elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb.
Ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlərin bizə Xalq Cümhuriyyətindən miras qaldığını bildirən səfir vurğulayıb ki, vaxtilə Cümhuriyyət qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət sayəsində uğurla reallığa çevrilir.
Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərinin bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin daha da yaxınlaşması üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Diplomat həmçinin xalqlarımız arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb. Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Höte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen arasında “qardaşlaşmış şəhərlər” münasibətlərini, Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsini qeyd edib.
Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars çıxışında 20 ildən bəri davam edən deputat fəaliyyəti dövründə Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, rəhbərlik etdiyi parlament qrupunun adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Almaniyalı deputat bildirib ki, bundestaqdakı Cənubi Qafqaz parlament qrupunun Azərbaycanla bağlı fəaliyyəti iki prioritetə malikdir. Bunlardan biri ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin təşviqi, digəri isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir. Yohannes Kars sözügedən münaqişənin hər zaman yenidən alovlana biləcəyini əsas gətirərək onun tezliklə həllinə nail olunmasının zəruriliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi səfir Haydrun Tempel 100 illik yubiley münasibətilə Almaniya hökuməti adından Azərbaycanı təbrik edib. Bir neçə il əvvəl Bakıda səfir olaraq çalışmış alman diplomat ölkəsinin digər sahələrlə yanaşı, mədəni və humanitar məsələlərdə də Azərbaycanla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə həyata keçirilən layihələri vurğulayıb. Haydrun Tempel, həmçinin Azərbaycanın nəhəng regional layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu, ölkəmizin bölgədə böyük iqtisadi gücə çevrildiyini qeyd edib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə tanınmış musiqiçilər Elçin Şirinovun, Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.