Noyabrın 7-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.
Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri iştirak edirdi.
Müşavirədə çıxış edən Rafiq Bayramov nazirlikdə 2018-ci ildə aparılan islahatlar haqqında danışdı. Vurğuladı ki, həyata keçirilən islahatlar həm Bakıda, həm də regionlarda mədəniyyət sahəsinin daha da inkişafına yönəlib.
Nazir müavini qeyd etdi ki, ötən müddətdə görülən işlərlə yerində tanış olmaq üçün Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli bölgələrə ezam olunub: “Bu gün keçirdiyimiz müşavirənin də əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq istiqamətində atılan addımların müzakirəsidir. Təşkil olunan ezamiyyət hər hansı yoxlama xarakteri daşımırdı. Məqsəd regionlarda həyata keçirilən işlərlə yerində tanış olmaq, xüsusilə dövlət qulluqçularının iş qabiliyyətinin vəziyyətini öyrənmək idi. Son bir neçə ildə nazirlik sistemində həyata keçirilən dəyişikliklərdən sonra mədəniyyət sahəsinə diqqət daha da artırılıb. Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdən ibarətdir”.
Rafiq Bayramov diqqətə çatdırıldı ki, ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi daha da genişləndirilir.
Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli qeyd etdi ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, regionların mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması yönündə işlər davam etdirilir: “Bu sahə Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biridir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə regionlardakı mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir. Ötən müddət ərzində bu istiqamətdə bir sıra nəticələr əldə olunub”.
Vurğulandı ki, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrlarla təminat məsələsi daim diqqətdə saxlanılır.
Sonda nazir müavini Rafiq Bayramov regionlarda mədəniyyət sahəsinin inkişafı, keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.
FARİZ