Qəzetimizin “Afişa” əlavəsinin ilk sayı böyük maraq doğurub

Bir ay öncə yeni format və dizaynda, rəngli tərtibatda nəşrə başlayan “Mədəniyyət” qəzeti daha bir yeniliklə oxucuların görüşünə gəlib. Qəzetin noyabr ayı üzrə ilk “Afişa” əlavəsi çapdan çıxıb.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq nəşr olunan “Afişa”  əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə teatrların repertuarındakı tamaşaların siyahısı, nümayiş günü və saatı barədə məlumatlarla bərabər, ayrı-ayrı tamaşalar haqqında, onların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, fotolar da verilib. Eyni zamanda, nəşrdə noyabr ayı üzrə paytaxtın müxtəlif qalereyaları, konsert zalları və kinoteatrlarının ümumi afişasından savayı bəzi sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar dərc olunub.

“Mədəniyyət+Afişa”nın ilk sayında paytaxtın mədəni həyatının geniş spektri – Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Pantomima, Yuğ teatrları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Mahnı Teatrı, Bakı Dövlət Sirki, Nizami Kino Mərkəzi, “Cinema Plus” və “Park Cinema” kinoteatrları, sərgi qalereyaları və digər mədəniyyət ocaqlarında tamaşaçıları gözləyən ən müxtəlif tədbirlər əks olunub. Həmçinin hər bir mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd olunub.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrin səhifələrində hər kəs öz zövqünə, maraq dairəsinə, ən əsası isə, istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını mənalı və səmərəli dəyərləndirə bilər.

Ayda bir dəfə çap olunması planlaşdırılan nəşrin məqsədi paytaxt sakinlərini, xüsusilə gəncləri, eləcə də Bakıya gələn qonaqları şəhərdəki mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətini təşviq etmək, onlara informasiya dəstəyi verməkdir.

 

“Mədəniyyət+Afişa” şəhərin müxtəlif məkanlarında sakinlərə təqdim edilib

 

Noyabrın 8-də “Mədəniyyət+Afişa”nın ilk sayının nüsxələri Mədəniyyət Nazirliyinin və “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında – 1 saylı “ASAN Xidmət” mərkəzi, “Park Bulvar”, metronun “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarının giriş və çıxışlarında pulsuz olaraq yayılıb.

Günün birinci yarısında nəşr 1 saylı “ASAN Xidmət” mərkəzində vətəndaşlara paylanılıb. Paytaxtın mədəni həyatını özündə təcəssüm etdirən “Afişa” maraqla qarşılanıb.

Daha sonra “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi metronun “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarının giriş və çıxışlarında sakinlərə, o cümlədən çoxlu sayda tələbə gənclərə paylanılıb. Onlar yeni nəşrə böyük maraq göstərək bu təşəbbüsü müsbət qiymətləndiriblər.

“Mədəniyyət+Afişa” günün ikinci yarısında “Park Bulvar” ticarət mərkəzində də paytaxt sakinlərinə və şəhərimizin qonaqlara təqdim edilib. İlk dəfə belə bir nəşrin işıq üzü görməsini rəğbətlə qarşılayan sakinlər layihənin əhəmiyyətini qeyd edərək bu cür aksiyaların davamlı olub-olmayacağı ilə maraqlanıblar. Diqqətə çatdırılıb ki, nəşrin ayda bir dəfə çap olunması və yayılması nəzərdə tutulub.

Vurğulanıb ki, növbəti saylarda nəşrin həm mədəniyyət ocaqlarını əhatə, həm də mövzu və informasiya baxımından daha da zənginləşdiriləcək. Şəhər sakinlərinə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi digər layihələrlə də bağlı məlumat verilib.

FARİZ