Türkiyə Cümhuriyyətinin Moldovadakı keçmiş səfiri, bir müddət Azərbaycanda da diplomatik fəaliyyət göstərmiş və ölkəmizin “Dostluq” ordeni ilə təltif olunmuş Hulusi Kılıç Komrat Dövlət Universitetinin “Honoris Causa” fəxri doktoru adına layiq görülüb.

Moldovanın Qaqauz Yeri muxtar bölgəsindəki universitetin rektoru Sergey Zaxariya türkiyəli diplomatın iki ölkə arasında əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirib.

Qaqauz Yeri Milli Məclisinin sədri Vladimir Kissa da diplomatı təbrik edərək deyib ki, o, Moldovada çalışdığı iki ilə yaxın müddətdə parlament deputatları ilə də sıx əlaqələr quraraq muxtar bölgədə həyata keçirilən layihələrə töhfə verib.

V.Kissa çıxışını bu sözlərlə bitirib: “Bura sizin evinizdir, burada sizi sevir və hər zaman gözləyirlər”.

Qeyd edək ki, «Honoris Causa» (latınca “xidmətə görə”) fəxri adı Moldovada görkəmli yerli və xarici siyasətçilərə, elm, mədəniyyət xadimlərinə təqdim olunur.

MEHPARƏ