Polşa Respublikasının paytaxtı Varşavadakı 169 nömrəli tam orta məktəbin kitabxanasında Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.
Beynəlxalq nağıl gününə həsr olunmuş tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim edilib.
Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarina Kulikovska, rəssam-müəllim Gilan Əzizxanlı “Kəpənəyin nağılı”, “Tülkü və hacıleylək” nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüstrasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib.
“Tülkü və hacıleylək” nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin baş müəllimi Samirə Abdullayeva, “Kəpənəyin nağılı”nı Slavyan Universitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib.