Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin “Cümhuriyyət ili” çərçivəsində reallaşdırdığı “Cümhuriyyət 100 – Bərpa edilmiş mədəni sərvətlər” adlı sərgi-seminarların növbətisi Gəncədəki Məhsəti Gəncəvi adına Mədəniyyət evində gerçəkləşib. Tədbirə Gəncə, Naftalan şəhərləri, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının muzey müəssisələrinin əməkdaşları qatılıb.
Sərgi-seminarda Cümhuriyyətin yadigarı olan üçrəngli bayrağımızın ideya müəllifi, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 2017-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkəmizə gətirilərək bərpa olunduqdan sonra Azərbaycan İstiqlal Muzeyinə təhvil verilən şəxsi əşyaları, rəsm əsərləri və s. haqqında söhbət açılıb. Həmin əşyaların, eləcə də Gəncə şəhərinin muzey toplularına məxsus bir çox əşyaların bərpa prosesini əks etdirən təqdimat, fotosərgi, mərkəzin tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.