Görkəmli bəstəkar, Xalq artisti, professor Hacı Xanməmmədovun (1918-2005) yazdığı neçə-neçə mahnı, simfonik orkestr üçün konsertləri daim aktual və sevilən əsərlər sırasında özünə yer alıb. Musiqi sənətinə tarzən kimi gəlmiş Hacı Xanməmmədovun yaradıcılığında tar aləti həmişə üstünlük təşkil edib.

Bu il 100 illik yubileyi qeyd edilən sənətkarın xatirəsini onunla uzun illər bir yerdə çalışmış tanınmış dirijor, Xalq artisti, professor Ağaverdi Paşayevlə yad etdik. Ağaverdi müəllim deyir ki, Hacı müəllimlə 40 illik tanışlıqlarının 25 ilini birgə çalışıblar: “Onu hələ tələbəlik illərimdən tanıyırdım. 1979-cu ildən, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətə başladığım dövrdən unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun rəhbərlik etdiyi kafedrada birgə çalışmışıq. Vaxtilə Azərbaycan Korlar Cəmiyyətində yaratdığım və bədii rəhbəri olduğum Xalq çalğı alətləri orkestri üçün bir əsər yazmasını xahiş etmişdim. O vaxt Hacı müəllim “Şənlik” süitasını yazdı. Bu əsəri daha sonralar Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə ifa edib fonda da daxil etdik”.

Müsahibim qeyd edir ki, bu illər ərzində Hacı Xanməmmədovun bir sıra əsərləri bədii rəhbəri olduğu ansamblın və orkestrin repertuarını bəzəyib: “Bəstəkarın tar, kamança və arfa üçün bəstələdiyi 2 saylı konsertini kanon üçün işləyib ifa etmişik. Hacı Xanməmmədovu həmişə özümə mənəvi müəllim hesab etmişəm. Gözəl söhbətlərimiz olardı. Musiqi və sənət barədə maraqlı düşüncələri var idi. Azərbaycan Milli Konservatoriyası yaradılanda Dirijorluq kafedrasına rəhbərliyi mənə həvalə etdilər. Bu zaman Hacı Xanməmmədov, Ramiz Mirişli, Nəriman Məmmədov, Ramiz Mustafayev kimi sənətkarlarla çiyin-çiyinə çalışırdıq. Bu illərdə daha sıx əməkdaşlığımız başlandı. Ondan orkestr üçün yeni əsərlər yazmasını xahiş etdim. Yeni əsərlərinin partituralarını yazıb bizə verirdi. Bu əsərlər bu gün mənim üçün çox doğmadır”.

Həmsöhbətim bildirir ki, Hacı müəllimin peşəkar bəstəkar duyumu onun bütün mahnılarında hiss olunur: “Onu melodik bəstəkar adlandırırlar. Çünki o, mahnı yaradıcılığında yeni bir ahəng yaratmışdı. Onun mahnılarında polifonik ritmlərdən məharətlə istifadə olunur. Noyabrın 3-də bəstəkarın 100 illik yubileyinə həsr edilmiş konsert proqramında da çalışdıq onun sevilən əsərlərini bir daha təqdim edək”.

Xalq artisti, Mədəniyyət və İncəsənət Universiteti Muğam kafedrasının müdiri Teyyub Aslanov Hacı Xanməmmədovun mahnı yaradıcılığı ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, bəstəkarın mahnıları əbədiyaşardır. Onun müxtəlif mahnıları bu gün də tanınmış müğənnilərimizin repertuarında layiqli yer tutur. Səmimilik, lirik və şən hislər aşılayan bu mahnılarda səslərin ahəngi, sözlərin ritmi elə səliqəli və rəngarəngdir ki, öz orijinallığı ilə dinləyicinin diqqətini cəlb edir. Bu mahnılar bəstəkarın bəzən çılğın, bəzən kövrək, amma bütün hallarda romantik ruhunu əks etdirir: “Məlumdur ki, o, mahnılarında bir qayda olaraq klassiklərin şeirlərinə daha çox müraciət edib. Xüsusilə Aşıq Ələsgər və Mikayıl Müşfiq yaradıcılığı onun mahnı mətnlərinin əsasını təşkil edir. Unudulmaz bəstəkarın 100 illiyinə həsr edilmiş konsertdə ifa etdiyim “Niyə döndü” bəstəsi də Dədə Ələsgərin sözlərinə bəstələnmiş sevilən əsərlərdəndir. Bəstəkarın mahnı yaradıcılığında milli musiqi ənənələri ilə bağlılıq parlaq şəkildə təzahür edir və bu nəğmələr melodikliyi ilə diqqət çəkir”.

Qeyd edək ki, Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyası və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşdı. Mərasimdə “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, professor, musiqişünas Akif Quliyev unudulmaz bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söz açdılar. Vurğulandı  ki, H.Xanməmmədovun 100-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında tez-tez yer alır. Xüsusilə lirik mahnıları xalq arasında geniş yayılıb. Bu baxımdan “Yaşa, könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.

Yubiley gecəsində tanınmış ifaçıların təqdimatında bəstəkarın sevilən mahnıları alqışlarla qarşılandı. Gecə boyu bəstəkarın musiqi sənətimizə verdiyi töhfələr haqqında fikirlər dinlənildi. Bildirildi ki, onun peşəkar musiqiçi kadrlarının yetişməsində mühüm xidməti olub. O, qırx ildən artıq Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb, Xalq çalğı alətləri kafedrasının dirijorluq üzrə professoru idi. H.Xanməmmədov müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

L.AZƏRİ