Tokionun Akasaka rayonunda yerləşən “Kibuniya” restoranında təşkil olunan “Azərbaycan musiqisi axşamı” adlı konsert proqramı keçirilib.
Artıq neçə illərdir ki, Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın və yapon musiqiçi Kiyoşi Ohiranın tarda və sazda səsləndirdiyi musiqi nömrələri böyük marağa səbəb olub.
Tədbir iştirakçılarına Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında məlumat verilib. Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi vurğulanıb.
Konsertdə muğam, xalq mahnılarımız, bəstəkar mahnıları və caz musiqisi səslənib. “Dağların başı”, “Azərbaycan maralı”, “Bayat-Şiraz”, “Sarı gəlin”, “Ay Laçın”, Tofiq Quliyevin “Özgə xəyal eyləmə”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasından mahnı, Qəmbər Hüseynlinin “Ay işığında”, Adil Gərayın “Yar gəldi” mahnıları, məşhur cazmen Vaqif Mustafazadənin yaradıcılığından nümunələrin məharətli ifası alqışlarla qarşılanıb.
Kiyoşi Ohiranın sazda ifa etdiyi musiqi nömrələri də böyük maraq doğurub.
Tamaşaçılara minnətdarlığını bildirən Gülnarə Səfərova onları noyabrın 25-də Tokioda tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi münasibətilə keçiriləcək konsertə dəvət edib.