Noyabrın 11-də nurlu Mingəçevirə şəhər statusu verilməsinin 70 ili tamam olub. Bu münasibətlə ümumşəhər bayramı keçirilib.
Əvvəlcə Mingəçevir Dövlət Dram Teatrının qarşısında sərgi təşkil olunub. Sərgidə şəhərin idarə, təşkilat və müəssisələrinin uğurları, sənaye və istehsal müəssisələrinin məhsulları, eləcə də Mingəçevirdə yaşayıb-yaradan rəssamların, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.
Yubiley tədbiri Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib.
Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov bayram münasibətilə sakinləri təbrik edib, 70 ildə Mingəçevirin keçdiyi tarixi yoldan və müasir inkişafından danışıb.
Bildirilib ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 1948-ci il 11 noyabr tarixli qərarına əsasən, Mingəçevir qəsəbəsinə şəhər statusu verilib. Diqqətə çatdırılıb ki, Mingəçevirə şəhər statusu verilməsi yaxın keçmişə aid hadisə olsa da, Mingəçevirin tarixi daha qədim dövrlərə aiddir. Bütün bunları isə vaxtilə şəhər ərazisində aparılan arxeoloji qazıntılar təsdiq edir. Qeyd edilib ki, şəhər statusu aldıqdan sonra Mingəçevir böyük inkişaf yolu keçib.
Çıxışlardan sonra Mingəçevir şəhərinin qurulmasında xidmətləri olan bir qrup şəxs fəxri fərmanlarla təltif edilib.
Sonda şəhərin 70 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib. Mingəçeviri tərənnüm edən mahnılar, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin rəqsləri və Mingəçevir Dram Teatrı aktyorlarının çıxışları bayram tədbirinin iştirakçılarında xoş ovqat yaradıb.