Noyabrın 13-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəmanlığından, Azərbaycanın II Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı ümumilikdə bu müharibədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların xatirəsinə ehtiramın təzahürüdür.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərli və başqaları çıxışlarında Mehdi Hüseynzadənin şərəfli həyat yolundan söz açıb, onun və II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər vətən oğullarının şücaətindən danışıblar.