Özbəkistan paytaxtında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” çərçivəsində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert təşkil edilib.
Özbəkistanın elm, mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, yerli azərbaycanlıların iştirak etdiyi tədbirdə AMM-in direktoru Samir Abbasov, “Kaspi” qəzetinin və eyniadlı təhsil şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, özbək tarixçi Şuxrat Salamov çıxış ediblər.
Konsert proqramında Özbəkistanın “Soqdiana” Xalq çalğı alətləri orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub. Bədii rəhbəri Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximova, dirijoru beynəlxalq müsabiqələr laureatı Qəhrəman Bazarov olan konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Daha sonra Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Ay Laçın”, “Çahargah rapsodiyası”, “Anadır arzulara Qarabağ”, “Dostluq nəğməsi” və s. əsərlər səsləndirilib.
Beynəlxalq müsabiqələr laureatı Masuma Boltabaeva, Rüstəm Əlimərdanov, Səncər Qədirov, Sərdar Pirimov, Dilşod Fazilov, Lobar Cumadilova və başqalarının ifasında səslənən musiqilərimiz alqışlarla qarşılanıb.