Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, xanəndə Təhmiraz Şirinovun anadan olmasının 70 və yaradıcılığının 50 illiyi qeyd olunub.
Tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb. Yubiley gecəsində mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Əvvəlcə Təhmiraz Şirinovun ifasında səslənən mahnılardan ibarət videoçarx nümayiş olunub.
Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat yolundan, Azərbaycan xanəndəlik məktəbinə verdiyi töhfələrdən danışıb.
Xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov, S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun sənət yolu haqqında söhbət açıblar.
Sonda Xalq artisti Adil Bağırovun rəhbərliyi altında Ə.Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblının müşayiət ilə, xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov və Zakir Əliyevin ifaları dinlənilib.