Sənət axşamı Vasif və Rauf Adıgözəlovların xatirəsinə ithaf edilmişdi

Noyabrın 13-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun müəllif konserti oldu.

Konsert proqramı görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun (1935-2006) və Əməkdar incəsənət xadimi, vokal və skripka ifaçısı Rauf Adıgözəlovun (1940-2002) xatirəsinə həsr edilmişdi.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olan hər iki sənətkarın ömür və yaradıcılıq yolundan söz açdı. Bildirdi ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, sevimli bəstəkarımız Vasif Adıgözəlov da yada düşür. Onun əsərləri bu gün də peşəkar musiqiçilər, ictimaiyyət tərəfindən sevilir və yüksək qiymətləndirilir.

Sonra Firəngiz Əlizadə tanınmış müğənni və skripka ifaçısı Rauf Adıgözəlov haqqında danışdı. Qeyd etdi ki, o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, sonra Moskva Dövlət Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster olub, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində fəaliyyət göstərib. Məlahətli səsi olan sənətkar mahnı janrının inkişafına töhfələr verib. O, həmçinin klassik və müasir bəstəkarların əsərlərini skripkada özünəməxsus zərifliklə səsləndirib.

Xalq artisti Tofiq Bakıxanov çıxış edərək maraqlı yaradıcılıq xatirələrindən söz açdı. Qeyd etdi ki, əvvəllər dahi bəstəkarlar Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirovun müəllif konsertləri keçirilərdi. Bəstəkarlar İttifaqının təşkilatçılığı indi də belə müəllif konsertləri gerçəkləşir. O, tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.

Daha sonra Vasif Adıgözəlovun çıxışının və Rauf Adıgözəlovun ifasında Tofiq Bakıxanovun mahnı və romanslarının lent yazısı səsləndirildi. 

Sonda Tofiq Bakıxanovun Vasif və Rauf Adıgözəlov qardaşlarına ithaf olunmuş violin və piano üçün 11 nömrəli “Xatirə-sonata”, piano üçün 3 prelüd, violin və piano üçün 12 nömrəli “Xatirə-sonata” əsərləri ifa olundu. 

Savalan FƏRƏCOV