Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə dəstəyi ilə keçirilən I “Estrada mahnısı” müsabiqəsinə yekun vuruldu. Görkəmli bəstəkar Tofiq Quliyevin 100 illiyi münasibətilə ötən il elan olunan müsabiqənin mükafatçıları arasında gənc bəstəkar İlahə İsrafilova da var. O, müsabiqədə “Nağıl gecəm” mahnısına (sözləri - Bəxtiyar Vahabzadə) görə III mükafata layiq görülüb.
Gənc bəstəkarla görüşüb yaradıcılıq axtarışları barədə söhbət etdik.
İlahə Qismət qızı İsrafilova 1993-cü ildə Bakı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərib, “Cücələrim” ansamblında çıxış etməyə başlayıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində fortepiano, muğam ifaçılığı və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Bakı Musiqi Akademiyasının Bəstəkarlıq şöbəsində SSRİ Xalq artisti, professor Arif Məlikovun sinfində oxuyub. Təhsil müddətində fərqləndiyinə görə “Qara Qarayev” adına fərdi təqaüdə layiq görülən İlahə akademiyada eyni zamanda ikinci ixtisas kimi simfonik orkestr dirijorluğuna da yiyələnib, tanınmış dirijor, Əməkdar artist Əyyub Quliyevdən dərs alıb.
Musiqi sahəsini sevməsinə görə ustadı Arif Məlikova minnətdardır: “Kiçik yaşlarımdan musiqiçi olmaq istəyirdim. Xoşbəxtlikdən valideynlərim də buna etiraz etmədilər. Ancaq musiqini mənə sevdirən müəllimim, dünya şöhrətli bəstəkarımız Arif Məlikov olub. Görkəmli sənətkardan musiqinin məna çalarlarını, incəliklərini öyrənmişəm”.
İlahə xanım bəstələrində daha çox Əlağa Vahidin, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəriman Həsənzadənin yaradıcılığına müraciət edir: “Bu şairlərin poeziyası ruhuma çox yaxındır. Şairə Zəminə Xınalının sözlərinə yazdığım “Müqəddəs Vətən” şeirinə musiqi bəstələdim. Bu hərbi marş Müdafiə Nazirliyinin Nümunəvi hərbi nəfəsli alətlər orkestri tərəfindən səsləndirilir. Bundan əlavə, şairə Nəzmiyyə Hicranın İsrail-Azərbaycan dostluğuna ithaf edilən şeirinə bəstələdiyim “Əbədidir dostluğumuz”, Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyim, sözlərini də özüm yazdığım “Dalğalansın bayraq” əsərlərim maraqla qarşılandı”.
Gənc bəstəkarın həmçinin “Əsrin müqaviləsi”nin yubileyi münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi “20 şanlı il” mövzusunda ən yaxşı vokal əsər müsabiqəsində I yerə layiq görülüb. Ulu öndərin 95 illiyinə həsr edilən və müəllifi olduğu “Sən dahisən” şeirinə yazdığı xor, orkestr və solistlər üçün kompozisiya, eyni zamanda tar və fortepiano üçün “Çahargah skertso” və “Kvartet” də bəstəkarın uğurlu əsərlərindəndir. Onun 5 prelüdü, B.Vahabzadənin sözlərinə yazdığı “Hislər” romans silsiləsi, “Müqəddəs Vətən” hərbi marşı Azərbaycan Televiziyasının “qızıl fond”una daxil edilib.
Musiqiçi hazırda “Dədə Qorqud” dastanının motivləri əsasında yazdığı eyniadlı baletini tamamlamaq üzrədir. O, həmçinin bu il Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Savalan FƏRƏCOV