Sənət səhnəsində yüzlərlə obraz yaratmış Abbas Mirzə Şərifzadənin YAŞAM “rol”u...
Özü də o çağlarda ki, bu xalqın dini fanatizmlə yaşayan yarıdan çoxu bu peşəni hələ də “məkruf”-“mürtəd”, fani politizmlə məşğul olan arıdan “bolşe”si isə “propoqandist” hesab edirdi. Səhnələrdəki Əbdül əmilər (“Solğun çiçəklər”) “mütrüb”, belələrini fiziki-psixoloji hədəfdə saxlayan əlitapançalı Əbdülxalıq (öz bibisi oğlu Hüseyn Ərəblinskini güllələyən) dayılar “avtoritet” sayılırdı...
Şərifzadə soyadlı bu korifeyin həyat-yaşam şərəfzadəliyi bütün dövrlərin hər tür iş-peşə sahələrindəki halallara belə bir fəlsəfə də yaşatmaqda; tez-tez rol dəyişmək sənət səhnəsindəkilərə şan-şöhrət gətirər, həyat səhnəsindəkilərə tör-töhmət! Birincilər haqda: “hər gün bir obraz yaradır” deyərlər, ikincilər barədə: “gündə bir rola girir!”. Birincilərin rollarını ədəb-irfan ədibləri yaradır, ikincilərininkini öz xislətləri. Bu “ikinci” rol – siyasət-rəyasət səhnəsindəkilər tərəfindən oynanılanda isə (elə bu qəhrəmanımızın dövründəki bir dramaturqdan təbdillə desək), “vay şələküm-məəlləküm”!..
Və o “ikili illər”də iki ad...
Hə, əfəndilər! O illərin sənət və şəxsiyyət şərəfzadələrindən olan bu Şərifzadə cəmi ikicə ildə iki adla təltif-“təltif” olunub: 1935-də Xalq artisti, 1937-də “xalq düşməni”...
Hansı ki, dünya səhnəsinin minillik brendi Hamlet Azərbaycan səhnəsinə onun qədəmiylə ayaq açıb. Dünya teatrının bu baş monoloqunun - ədəbi-fəlsəfi “Olum, ya ölüm” sual-nidasının ilk səslənişi onun dilindən eşidilib. Və sən demə, 1927-ci ildə baş vermiş bu teatral “ayaqaçdı”nın həyati-repressial mənzil başına onca, bu antoqonal xitabdakı ikinci kəlmənin “vüsal”ına on bircə il qalırmış...
İstintaq işinin nömrəsi “6453” idi...
Hə, “say”ı yox, “nömrə”si. “Say” – onun yaratdığı obrazları, sənət və şəxsiyyətinə vurğunları, barəsində yazılan məqalə, monoqrafiya, xatirat və amansız qəddarlıqlar altında keçən istintaq günlərini haqq-hesaba alarkən işlənər. “Nömrə” isə, həm də xalq atmacalarından olan “nömrə gəlir” ifadəsini, bu millətin qaymaqlarının yığılıb ayranlaşdırılması, çiyinlər üstdəki ali qafaları məğmun günə qoyub, oraq-çəkic “uklon”lu muskullardan sərbəst-sərrast yararlanmaq və s. kimi rəsmi-ideoloji nömrələri də assosiasiya edir axı...
Deməli, sənətin “ekvator xətti” əsl şairlərin, siyasətinkisə, ali aktyorların ürəyindən keçir; anormal siyasi dövran dəyişimlərində onlar da dilemma qarşısında qalmalı olurlar: “oynayım, ya oynamayım?”. Amma bu deqradasiya, daha çox, sənətin repressiyası kimi anlaşılmamalımı?
Nəysə...
Onu qırx dörd yaşını qeyd edəcəyi ərəfədə həbs ediblər. Öz evində qandallayıblar. Mənzilində axtarış aparıb, “ciddidən-ciddi” “əşyayi-dəlil”lər tapıblar: “bir ədəd teatr qılıncı”, “iki ədəd teatr tapançası” və: “Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib”...
Yox, bu adam sadəcə, milliyyətçi, sözündə-söhbətində siyasi quruluşa yarınmayanlardan imiş. “Əldə edilmiş” o məlumatlar isə, üç-dörd şarlatan “dil”dən alınmış böhtanlardan ibarət olub. Nə var-nə var, bu sənətkar Gəncədə ikən (1932) iki-üç yol İran konsulluğuna gedib və teatra (xüsusən, Şərifzadə sənətkarlığına) hədsiz sevgisi olan konsul bu truppanı iki dəfə iqamətgahına dəvət edib...
Amma nə olsun, cavab verməlisən!
Lakin, yarı bir ömürdə neçə-neçə bitkin obrazı, həyat və sənət duallığını ehtiva edən dialoqları, qəlbləri hayqıran monoloqlarıyla salonları lərzəyə gətirən bu universal natiq zirzəmilərdə qeyri-adi pantomimliklə susub. Ürəyində yalnız H.Cavidlə M.Müşfiqin əsərlərini, doğal azadlıq düşüncələrini təbliğ etmək “ittiham”ına qol qoyan bu insana ölüm hökmünü (16 oktyabr 1938) imzalayanların bir aya qədər susmaları haqda isə o, güman ki, monodialoqlar edirmiş: “-Bəziləri haqda bəzi ifadələrə qol qoyacağın təqdirdə güllələnmə hökmünü dəyişə bilərik. – Mən bilmədiyim bir məsələ, tanımadığım bir kəs haqda heç nə deyə bilmərəm!”. Hə, həmin “əmrə-nömrə”li illər milli mədəniyyətimizi ucaldası ən istedadlıları bir-bir seçib, birər-birər gülləyib-güllələyir, sürgün “sürmə-vəsməli” qaş-gözetmələr, siyasət-sənəd yaradıcılığı millət-sənət yaradıcılığını üstələyir, “plan-öhdəlik!” bağıran hökumətlə işbirliyinə girmiş zatıqırıq lakeyzadələr bəyzadələri, əslzatları bolşevizm maşınının baqajına qoymaqdan yorulmur, sürtük sitatlar zaldan-zala, milli düşüncəli ali zatlar “padvaldan-padvala” ötürülürdü. Deyirlər, onlardan biri (guya R.Axundovun “əksinqilabçı millətçi təşkilata cəlb etdiyi” teatr direktoru) fiziki zərbələrdən necə sustalıbmışsa, müstəntiqin israrla, dönə-dönə soruşduğu “Şərifzadə də?!” sualını sonda yalnız gözlərilə inkar edə bilirmiş...
Həyatdan çox erkən getmiş bu mogikan sənətə daha tez gəlmişdi:
Doqquz yaşında!
Teatr sənətinə meyilli (Şamaxıda dini tamaşalar hazırlayan) əmisi “Şəbeh” tamaşasındakı əsir qız uşağı rolunu həmin bu qardaşı oğluna tapşırır və özü oynadığı Şümür surətini daha canlı yaratmaqçün gözlərində qəzəb, əlində qılınc bu zavallı əsir “qız”ın üstünə necə cumursa, Abbas qışqıra-qışqıra qaçıb, məzlum-müslimə qadınlar arasındakı anasının qucağına atılır. Ancaq o qucaqdan düşüb, on yaşına çatanda (1903) gimnaziyaya daxil olur, məktəbin bütün törən-tədbirlərinin baş qəhrəmanına çevrilir.
Hər dəfə rolda ikən neçə-neçə “yad”ın da ona valideyn məhəbbətilə baxmasından xüsusi zövq alan Abbas o illərdəki bir hadisəni bütün həyat və yaradıcılığı boyu məxsusi bir həyəcanla xatırlayırmış. O “hadisə”nin içində on bir yaşlı Abbas, onun həmin tədbirdə şeir söyləmək arzusunu məmnuniyyətlə qəbul edən bir gimnaziya müəllimi, bir də - söylədiyi “Şairin ölümü” şeirinə gurlayan alqışlar vardı. “Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişibdir. Bədənim gah qızır, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu, məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
Canında baş verən bu ilk “sənət zəlzələsi”ni 1937-də baş verəsi siyasi vəlvələyə qədərki hər şeydən - müsbətli-mənfili hər olaydan daha çox yad edən Abbas hərdən 1902-ci il zəlzələsindən sonra Şamaxıdan Bakıya köç edən atası Mirzə Rəsulun onu ya ticarətçi, ya çinovnik görmək arzusunu da xatırlayırmış...
...Əcəba, əgər o, xatırladıqları içərisində sonuncu iki peşədən hər hansı birinin ardınca getsəymiş, sonralar onun saysız-hesabsız pərəstişkarları, yüzlərlə yazı yazmış oçerkçilər, tənqidçilər, teatr-kino mütəxəssisləri, milyonlarla oxucu, kino-televiziya tamaşaçıları sənətimizi onsuzmu xatırlamalı olacaqmışlar?!.
On beş yaşında Molyerin “Zorən təbib” əsərinin tamaşasında oynadığı epizodik roldan üç il sonra onu əsl sənətkar kimi təsdiq edən Qacar obrazını yaradır. Bu ilk böyük uğur, hətta əsərin müəllifi Ə.Haqverdiyevin onu “Şah Qacarın padşah yaradıcısı!” adlandırması Abbas Mirzədə qətiyyən arxayınlıq yaratmır. Sənətin “gecə-gündüz”, “vaxt-bivaxt” təyinli axtarışlarını, ləzzət dolu narahatlıqlarını davam etdirən gənc aktyorun adı müqtədir səhnə ustaları sırasının önlərində yer alır. Teatr tənqidi, neçə-neçə adlı-sanlı sənət xadimi “Abbas Mirzə fenomeni” haqda danışır, məqalələr yazır, fikir bölüşürlər. Bu fikirlərdən ən ümumşayanı C.Cabbarlıya məxsus: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını özü öyrənmişdir. Lakin o, böyük bir talantdır. O öz-özünə doğulmuş bir sənətkardır...”
Bu talant roldan-rola inkişaf edib dəyişdikcə, Azərbaycanın böyük teatr odasının ab-havasını da təzələyirmiş. Bu dəyişimi kino sahəsində də reallaşdıracaqmış ki, bundan duyuq düşən milliliyi lillilər, örüşlərini tez-tez dəyişənlər onun qarşısını alıblar. Ancaq o, Azərbaycan səhnəsi üçün, bu məbəd-məktəbin davamçıları üçün Otello, Şeyx Sənan, Don Kixot, Karl, Teymur Ağa, Maqbet, Səyavuş, Hamlet, İblis, Dəli Knyaz kimi nümunə-obrazlar qalereyası yaradıb gedib...
Səhnə “özgə”lərini yaşaya-yaşaya özünü unudan bu böyük özgürümüz bu milli sənət-qeyrət yolunun onu “37” doğanağına doğru aparacağının fərqinə vara bilməyib...
Bu qəbil talelər haqda fikirləşəndə, yaxud yazıb-pozanda ayrı-ayrı “zaman”-“dövr” kəsimləri adamın gözündə çox miskinləşir. Lakin, “noolsun”? O qara ünvanların qarasına deyilənlər “daldan atılan daş”...
Bu qəbil, bu tip insanlarçün (bir az da “xüsusi”ləşdirsək, səhnələrdə cürbəcür “buqələmun” obrazlar yaratmışlarçün) ikiüzlü siyasi quruluşlarda yaşayıb-yaratmaq – bütöv bir psixoloji və həyati tragediya!..
Bu kişinin Mərziyə Davudova ilə izdivacından doğulmuş qızı (o repressiyanın “oğlan” çağlarında on iki-on üç yaşı olan və qorxudan “zadə”ni “ova” ilə dəyişməli olmuş) Firəngiz Şərifova da sonrakı uzun illərdə bu soyadın adına layiq yaşayıb (təbii ki, müdam “ikili”lik məhkumluğunda; sənətdə bədii-teatral aləmlər yaradıb, həyatda real-sosial ələmlər yaşamaqla).
Əcəba, bu qəbil əyilməz atalar çox yaşasaydılar, öz nümunəviliklərilə gör nə qədər millisoyad xanımlar, bəylər yetişdirərdilər...
Tahir ABBASLI