Lətif Kərimovun xatirəsi əlamətdar gündə yad olunub

Xalça Muzeyində Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının (16 noyabr 2010) ildönümünə və Xalq rəssamı, professor Lətif Kərimovun doğum gününə (17 noyabr 1906) həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Azərbaycan Xalça Muzeyinin əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Xalq rəssamı Lətif  Kərimovun qəbrini ziyarət ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyev bəşəri sənətlər içərisində özünəməxsusluğu ilə seçilən və xalqımızı dünyada tanıdan xalça sənəti haqqında danışıb. Bildirib ki, Azərbaycan xalçası və xalça sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Keniyanın Nayrobi şəhərində keçirilən V sessiyasında “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. Mədəni irsimiz üçün əlamətdar olan bu hadisənin gerçəkləşməsində UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu olub. Xalqımızın yaratdığı sənət incilərinin UNESCO-nun xətti ilə təbliği milli irsimizə beynəlxalq miqyasda dəyər qazandırır.

Muzeyin Şuşa filialının müdiri bildirib ki, görkəmli xalçaçı rəssam Lətif Kərimov da zəngin fəaliyyəti, yaratdığı xalça əsərləri, dəyərli elmi araşdırmaları ilə həm milli xalçaçılıq sənətinə, həm də ümumilikdə bəşəriyyətin sənət xəzinəsinə töhfələr verib. O, Azərbaycan dekorativ-tətbiqi sənətində yeni istiqamətlər yaradıb, xalça sənətinin incəliklərini öyrənərək və təməlini qoyduğu elmi əsaslarla təsdiqləyərək, özündən sonrakı nəsillərə miras saxlayıb. O, uzun illər “Azərxalçaittifaq” müəssisəsində Bədii yaradıcılıq qrupuna rəhbərlik edib, müəssisədə milli naxışlara mənsub xalçalarla yanaşı, həm də çoxsaylı yeni süjetli və portret xalçaların yaradılmasının təşəbbüskarı və əsas müəllifi idi. 1967-ci ildə onun təşəbbüsü ilə dünyada bənzəri olmayan Azərbaycan Xalça Muzeyi yaradılıb.

Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Lətif Kərimovun tələbəsi olmuş Xalq rəssamı Arif Hüseynov, sənətkarın ailə üzvü A.Səfərov çıxış edərək xatirələrini söyləyiblər.

Sonra Lətif Kərimov haqqında lentə alınmış telefilm nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.

Tədbirin sonunda muzeyin ekspozisiyasında Lətif Kərimova həsr olunmuş guşə ziyarət edilib.