Noyabrın 12-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqədə həmyerlimiz Abuzər Manafzadə piano üzrə 17 yaşdan yuxarı ifaçılar kateqoriyasında Qran-pri mükafatını qazanıb.

Amerika, Avropa və Asiyadan 200-dən çox musiqiçinin iştirakı ilə keçirilən müsabiqədə 36 yarımfinalçı içərisindən seçilən yeddi ifaçı finala çıxıb. A.Manafzadə beynəlxalq münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülərək müsabiqənin qalibi olub.

Abuzər Manafzadə tərəfindən bəstələnən, balaban və simfonik orkestr üçün ilk dəfə yazılmış konsertin premyerası iki həftə əvvəl ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində təqdim edilib və musiqi tənqidçiləri tərəfindən yüksək rəylər alıb. Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi hazırda dünyanın məşhur musiqi təhsili ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alır. Eyni zamanda Lints şəhərindəki Anton Brukner Universitetində piano ixtisası üzrə magistratura təhsilini davam etdirir.