Dünyanın mədəniyyət sahəsində ən əhatəli tədbiri sayılan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu 2020-ci ildə Azərbaycanı “fəxri qonaq ölkə” statusunda qəbul edəcək. Bu, 14-17 noyabr tarixində gerçəkləşən VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun bizim üçün mühüm yekunlarından biridir.

Forumda mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ölkəmizdən geniş nümayəndə heyəti iştirak edib. Noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski arasında ikitərəfli görüş keçirilib. Görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında Birgə bəyanat imzalayıblar.

“Fəxri qonaq” statusu forum müddətində ölkənin mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır. Builki forumun “fəxri qonaq”ları İtaliya və Qətər tədbir çərçivəsində xüsusi proqramlar təqdim ediblər.

Birgə bəyanatın imzalanması mərasimində iştirak edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin iki ölkənin mədəniyyət nazirləri çıxış edərək bu razılaşmanın önəmini vurğulayıb, ölkələrimiz arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.

RF Baş nazirinin müavini Olqa Qolodes beş il bundan əvvəl bu nüfuzlu məkanın necə görünməsini xatırlayaraq deyib: “Birinci forum cəmi 70 iştirakçısı olan kiçik bir diskussiyaya oxşayırdı. Bu gün isə forum mədəni trendlərin müzakirəsi üçün dünyada ən yaxşı məkandır”. Qeyd edək ki, builki foruma dünyanın 150 ölkəsindən 35 mindən çox nümayəndə qatılıb.

 

Mədəni irsin təqdimatı üçün mühüm fürsət

 

Forumda “fəxri qonaq” statusu həm məsuliyyət, həm də xalqlar arasında humanitar əməkdaşlığın vacibliyi barədə dostcasına niyyətlərin bəyan edilməsi üçün imkan deməkdir. RF mədəniyyət naziri Vladimir Medinskinin sözlərinə görə, son 4 ildə mədəni tədbirlərdə iştirak edən rusiyalıların sayı 30 faiz artıb. Qonşu ölkədə mədəniyyətə marağın daim artması şəraitində Peterburq Forumunun fəxri qonağı statusu ölkənin mədəni irsini, incəsənətini ən yaxşı cəhətdən göstərmək üçün çox mühüm vasitədir.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev imzalanma mərasimində çıxış edərək deyib: “Biz şadıq ki, forumun fəxri qonağı olacağıq. Bu, ölkəmiz üçün çox mühüm məqamdır, çünki biz Rusiya ilə qarşılıqlı mədəni əlaqələrə çox böyük diqqət yetiririk, iki ölkənin məktəbləri, teatrları, muzeyləri arasında əməkdaşlıq barədə müqavilələrin, müştərək layihələrin sayı daim artır. Bizim incəsənət xadimlərinin çoxu Peterburq forumu çərçivəsində özünü göstərmək imkanını səbirsizliklə gözləyir”.

Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev hesab edir ki, Sankt-Peterburqda iki ölkənin mədəniyyət nazirləri tərəfindən imzalanmış saziş prezidentlər Vladimir Putin və İlham Əliyevin bu yaxınlarda keçirilmiş görüşünün nəticəsidir. O deyib: “Dövlətlərimizin başçıları Rusiya və Azərbaycan xalqları arasında humanitar əlaqələrin möhkəmlənməsində maraqlıdırlar, çünki məhz bu əlaqələr insanların bir-birini daha yaxşı anlamasına kömək edir. Əminəm ki, 2020-ci ildə Azərbaycan bizi heyrətləndirəcək: bu respublikada “Eurovision” mahnı müsabiqəsindən başlamış I Avropa Oyunlarına qədər müxtəlif tədbirlərin necə yüksək səviyyədə təşkil olunmasını hamımız bilirik. Deməli, iki ildən sonra Peterburqu çoxlu xoş sürprizlər gözləyir”.

 

Bədii təhsil məktəbləri arasında əlaqələr möhkəmlənir

 

Noyabrın 16-da mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq şəhərinin bir sıra mədəniyyət təsisatlarının rəhbərləri ilə görüşlər keçiriblər. Belə görüşlərdən biri şəhərin aparıcı bədii təhsil müəssisələrindən olan Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitali Romanovla olub.

Sözügedən liseylə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında 2018-ci ilin aprelində  Bakıda əməkdaşlıq müqaviləsi imzalanıb. Liseyin nümayəndə heyəti paytaxtımızda qonaq olmuş və bir neçə səhnədə, o cümlədən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış etmişdi.

Mədəniyyət naziri Əbülfəs Qarayev və səfir Polad Bülbüloğlu ilə görüş zamanı Vitali Romanov liseyin fəaliyyəti, tədris prosesində istifadə olunan müasir metodika və texnologiyaların tətbiqi, liseyin maliyyələşmə sistemi və əldə etdiyi uğurlar haqqında məlumat verib.

Nazir ölkəmizin bədii təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının aparıcı təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin təqdirəlayiq hal olduğunu və bu əlaqələrin ölkələrimiz arasında humanitar sahədə münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, nümayəndə heyətinin üzvü Əziz Qarayusifli də iştirak edib. Sonra o, Sankt-Peterburq Musiqi Liseyinə gələrək, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olub.