Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak edib
Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti 19-20 noyabr tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda iştirak edib. Nümayəndə heyətinin tərkibinə ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev və Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini – nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə daxildir.
“Dialoqa sadiqlik. Qarşısıalınma və davamlı sülh naminə əməkdaşlıq” şüarı altında gerçəkləşən forumun əsas məqsədi ölkələr, xalqlar və icmalar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün resursların səfərbər edilməsi və dünyada son illər sürətlə artan ayrı-seçkilik, irqçilik, ksenofobiya, müxtəlifliyə dözümsüzlük fonunda dialoqa və sülhə sadiqliyi vurğulamaqdır.
Qlobal Forumun noyabrın 19-da keçirilən açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, BMT Baş Assambleyasının prezidenti, Türkiyənin xarici işlər naziri, İspaniya və Qətərin xarici işlər üzrə dövlət nazirləri çıxış ediblər.
Forumda nazir Əbülfəs Qarayevin Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi mövzusunda çıxış edib.
Məlumat üçün qeyd edək ki, dünyanın 147 ölkəsindən 4 mindən artıq nümayəndənin iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında 7-ci Qlobal Forumu 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçirilib.
* * *
Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşdə qurumun dünya miqyasında həyata keçirdiyi fəaliyyət, alyansın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılıb.
Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd edib.
Əbülfəs Qarayev 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın başladığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.
* * *
Əbülfəs Qarayev Nyu-Yorkda İspaniyanın keçmiş xarici işlər naziri, 2019-cu ilin yanvar ayından etibarən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi kimi fəaliyyət göstərəcək Migel Angel Moratinos ilə görüşüb.
Moratinosa fəaliyyətində uğurlar arzu edən nazir “Bakı Prosesi” çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə tədbirlərin təşkilinə hazır olduğunu bildirib.
M.Moratinos 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan bəhs edərək Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti barədə məlumatlı olduğunu və yeni vəzifəsinə başladıqdan sonra ən qısa vaxtda Azərbaycana səfər etmək istədiyini deyib.
Sonra 2019-cu ildə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.