Qarşılıqlı əməkdaşlıq – mədəni mübadilə
Ağdaş Regional Mədəniyyət İdarəsinin musiqi kollektivləri Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayon nümayəndəliyində konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət Nazirliyinin “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalının davamı olaraq “Qarşılıqlı əməkdaşlıq” devizi altında keçirilib.
Regional idarənin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov tədbirin bölgələr arasında mədəni mübadiləyə töhfə olduğunu bildirib.
Sonra konsert proqramı təqdim olunub. Ağdaş rayon Mədəniyyət mərkəzinin “Gənclik” ansamblının ifasında Fikrət Əmirovun “Qarabağ” süitası səsləndirilib. Müğənnilərin ifasında mahnılar, eləcə də Mədəniyyət mərkəzinin “İgidlər” rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
* * *
Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndələri isə Şəki Regional Mədəniyyət İdarəsinin qonağı olub.
Əvvəlcə tədbir iştirakçıları bərdəli ustaların əl işləri, regionun tarix və mədəniyyətini əks etdirən çap məhsulları və suvenirlərlə tanış olublar.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı mədəni irsimizin təbliği və qorunmasına xidmət edir.
Sonra söz musiqiçilərə verilib. Mingəçevir şəhəri, Bərdə və Tərtər rayonlarını təmsil edən kollektivlər musiqi nömrələri ilə iştirakçıların zövqünü oxşayıb.
Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Validə Nabatova göstərilən diqqətə görə Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
“Tofiq Quliyevin ürək mahnıları”
Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində “Tofiq Quliyevin ürək mahnıları” adlı konsert keçirilib.
Məktəbin direktoru Tərlan Məmmədova, müəllimə Vəfa Əliyeva görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıblar. Məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Mütaliədə müasir metodlardan istifadə
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında “Kitabxana-informasiya xidmətində və oxucularda mütaliənin formalaşdırılmasında müasir metodlardan istifadənin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov mütaliənin təşviqindən, kitabxana işinin yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarların əhəmiyyətindən söz açıb.
Xaçmaz rayon MKS-nin direktoru Azad Əlifxanov qeyd edib ki, kitabxanalarda keçirilən mədəni-kütləvi tədbirlər bu sahənin inkişafına xidmət edir.
Tədbirdə “Ulduzlar”, “Gülüstan”, “Ay işığı” ədəbi məclislərinin üzvləri şeirlər söyləyiblər.
Qəsəbə Mədəniyyət mərkəzində konsert
Ceyranbatan qəsəbə Mədəniyyət mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Dünya uşaq hüquqları gününə (20 noyabr) həsr olunan müşavirə keçirilib.
İdarənin rəisi çıxış edərək tabe müəssisələrin fəaliyyəti haqqında danışıb, problemlərlə maraqlanıb, mədəniyyət müəssisələrinin qarşılıqlı münasibətlərinin qurulması və yeni folklor kollektivlərinin yaradılması ilə bağlı tapşırıqlar verib.
Sonra müşavirə iştirakçıları Mədəniyyət mərkəzində qəsəbə Uşaq incəsənət məktəbi tərəfindən Dünya uşaq hüquqları gününə həsr olunan konsertə qatılıblar. Məktəbin foyesində təsviri incəsənət şöbəsi şagirdlərinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.
Məktəbin müəllimlərindən ibarət “Zəminxarə” xalq çalğı alətləri ansamblının müşayiəti ilə təhsil ocağının xanəndəlik, xoreoqrafiya, fortepiano, xalq çalğı alətləri şöbələrinin şagirdləri, saz və kamança ansamblları, xor kollektivi bir-birindən maraqlı musiqi nömrələri səsləndiriblər.
Sonda məktəbin qabaqcıl müəllimləri və istedadlı şagirdləri regional idarənin fəxri fərmanları ilə təltif olunublar.
“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər
Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evinin kollektivi Abşeron rayon Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində konsert proqramı ilə çıxış edib.
“Uşaq hüquqları aylığı” çərçivəsində təqdim olunan konsertdə bir-birindən maraqlı rəqs nömrələri, gənc solistlərin ifasında səslənən şən mahnılar uşaqlar tərəfindən sevinclə qarşılanıb. Mədəniyyət evinin kollektivi uşaqlara hədiyyələr təqdim edib.
* * *
Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasının oxu zalında “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu” adlı kitab sərgisi təşkil olunub. Tədbirdə mövzuya dair videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, böyüklərin uşaqlarla hər hansı kobud rəftarı onların qeyri-düzgün inkişaf etməsinə, sağlamlığına, davranışına mənfi təsir edir.
Mərkəzi kitabxananın Uşaq şöbəsi “Azərbaycanda uşaq hüquqları daim dövlətin diqqətindədir” adlı sərgi təşkil edib.