Görkəmli Azərbaycan bəstəkarı, alim-pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illiyi haqqında Azərbaycan Prezidentinin sərəncamına əsasən ölkəmizin hüdudlarından kənarda da tədbirlər təşkil olunur. Yubileyə həsr olunmuş növbəti xatirə konserti noyabrın 25-də Yaponiyanın paytaxtı Tokioda keçirilib.

“Dojin-Kyokay” zalında keçirilən konsertin təşkilatçısı, Yaponiyada fəaliyyət göstərən “Beynəlxalq musiqi evi”nin rəhbəri, pianoçu Gülnarə Səfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, konsertin təşkilində məqsəd yapon musiqisevərləri zəngin Azərbaycan musiqisi və böyük bəstəkarımız Qara Qarayevin əsərləri haqqında məlumatlandırmaqdır.

Konsertin təşkilinə göstərilən köməyə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinə, “WorldInvestors TV” internet televiziyasına minnətdarlığını bildirən G.Səfərova əlavə edib ki, XX əsrin əvvəllərində inkişafa başlayan Azərbaycan klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb. Bu işdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yetirməsi Qara Qarayevin böyük rolu olub. Qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropada çox geniş tanınmasına baxmayaraq, Yaponiyada onun yaradıcılığı haqqında məlumatlar azdır. Bunu nəzərə alaraq “Beynəlxalq musiqi evi” görkəmli bəstəkarın 100 illiyinə həsr olunan xatirə konserti təşkil edib. Yapon və rus musiqiçiləri də layihəni dəstəkləyərək konsertdə çıxış etməyə razılıq veriblər. Diqqətə çatdırılıb ki, Qara Qarayevin konsertin proqramına salınan əsərləri Yaponiyada ilk dəfə səslənəcək.

Konsert Qara Qarayevin rus şairi Aleksandr Puşkinin sözlərinə bəstələdiyi və rus vokalçı Valentina Pançenkonun Gülnarə Səfərovanın müşayiəti ilə ifa etdiyi “Gürcüstan təpələrində” və “Mən sizi sevirdim” romansları ilə başlayıb. Sonra yapon skripkaçı Çie Savadanın və Gülnarə Səfərovanın ifalarında səslənən “Skripka və fortepiano üçün sonata”, fleytaçı Daysuke Azumanın ifa etdiyi prelüdlər tamaşaçıların böyük marağına səbəb olub. Yapon balerina Yuka Yatani isə bəstəkarın “Yeddi gözəl” baletindən Ayişənin rəqsini və “Vals”ı ifa edib.

İki saata yaxın davam edən konsertdə “Beynəlxalq musiqi evi”nin şagirdləri Yuri Usuri və Himari Takakinin Qara Qarayevin uşaqlar üçün bəstələdiyi “Düşüncə”, “Fırtına”, “Hekayə”, “Şən oyun” pyesləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə, həmçinin Qara Qarayevin müəllimi olmuş Dmitri Şostakoviçin və görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin əsərləri səslənib.