Azərbaycan professional musiqisinin banisi, böyük musiqişünas-alim, pedaqoq Üzeyir Hacıbəylinin vəfatından 70 il ötdü. Noyabrın 23-də – dahi bəstəkarın xatirə günündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Üzeyir Hacıbəylinin Fəxri xiyabandakı məzarını ziyarət etdilər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin tarixində müstəsna rolundan söz açdı. Bildirdi ki, bütün ömrünü Azərbaycan mədəniyyətinə, musiqisinə həsr edən unudulmaz şəxsiyyət ən müxtəlif janrlarda musiqi əsərləri – opera, operetta, marş, kantata, mahnı və romanslar, kamera və xor əsərləri yazmaqla bərabər, 300-dən çox xalq mahnısını nota köçürüb. Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün tədris vəsaitləri hazırlayırdı. Onun 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı mükəmməl elmi əsəri bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Vurğulandı ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış dahidir. O, milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, təkcə Azərbaycanda deyil, müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın, musiqi tariximizdə bir sıra janrların ilk nümunələrinin yaradıcısı kimi əbədi olaraq xatırlanacaq.
Diqqətə çatdırıldı ki, Üzeyir Hacıbəylinin əsərləri bu gün də dünyanın konsert salonlarında ifa olunur. Bəstəkarın doğum günü – 18 sentyabr ənənəvi olaraq ölkəmizdə Musiqi günü kimi qeyd edilir və hər il onun xatirəsinə həsr olunmuş musiqi festivalı keçirilir.
Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” səsləndirildi.
F.HÜSEYNOV