Beynəlxalq Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.
Xalq artisti, tarzən Vamiq Məmmədəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva və jurnalist-publisist Sədaqət Kərimova çıxış edərək Məmməd Ağasıyevin həyat və yaradıcılığından söz açıb, sənət fəaliyyəti haqqında məlumat veriblər.
Tədbir tanınmış ifaçıların konsert proqramı ilə davam edib. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edib.
Sonda sənətkarın qızı, bəstəkar-müğənni Sevinc Ağasıyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.