Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir, yaratdığı hər obraz, hətta epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur. Belə sənətkarların əsas meyarı istedaddır. İstedad işığına gedən yolda isə heç kəs azmaz. Xalq artisti Məhəmməd Burcəliyev də bu cür sənət həyatı yaşayıb.
Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Burada beşillik orta təhsilini başa vurduqdan sonra 1930-cu ildə Bakıya gələrək Karl Libknext adına Fabrik-zavod məktəbinə daxil olub. O illəri aktyor öz xatirələrində belə yada salır: “1930-cu ilin əvvəllərində Bakıda sənət məktəbində oxumaq üçün şagird qəbulu ilə bağlı Şəkidə elanlar vurulurdu. Mən də oxumaq üçün özümü həmin məktəbə yazdırdım. Sənət məktəbinə gələrkən bizi çox yaxşı qarşıladılar və iş paltarı da verdilər. Bu sənət məktəbində həm qazma sənətini öyrənəcək, həm də təhsil almalı idik. Birhəftəlik təcrübə keçdikdən sonra təhsil alacağımız məktəbə gəldik. İlk dərsimiz ədəbiyyat dərsi idi. Zəng vuruldu və məktəbin direktoru yanında ortaboy, qarabuğdayı, qalın dodaqlı bir oğlanla daxil oldular sinfə. Direktor bizə dərslərimizdə və işlərimizdə uğurlar arzuladı. Sonra yanındakı oğlanı göstərib dedi:
- Bax, bu sizin ədəbiyyat müəlliminizdir. Özü də yaxşı şairdir. Yəqin ki, şeirlərini oxumusuz. Adı da Mikayıl Müşfiqdir.
Mən onun şeirləri ilə tanış idim. Amma üzünü görməmişdim. Müşfiq müəllim ədəbiyyatla maraqlananları çox sevirdi. Bir çox gəncin həyatında olduğu kimi, mən də şeir yazırdım. Bir gün Müşfiq müəllim dərsdən sonra mənim yazdığım şeirləri dinlədi. Qulaq asdı və bir söz demədi. Səhərisi gün mənim əlimdən tutub “Gənc işçi” qəzetinin redaksiyasında olan ədəbiyyat dərnəyinə aparıb üzv yazdırdı. Burada məni Süleyman Rüstəmlə tanış etdi. Yaxşı xatırlayıram. Mikayıl Müşfiqin “Buruqlar arasında” poeması Karl Libknext adına məktəbdə yarandı. Hər dəfə bu poemaya baxanda bütün hadisələr gözlərimin önündən keçir. Ölüm xəbərini eşidərkən yazdığı dörd misra yadıma düşdü:
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə,
Mənim bu dəryada bir sandalım var.
O qara yel əsdi, özü də nə yaman əsdi”.
Məhəmməd Burcəliyev peşə məktəbini bitirdikdən sonra Fəhlə Pedaqoji Texnikumuna daxil olub. Bu məktəbin bitirilməsi ilə əlaqədar olaraq təşkil olunan konsert proqramında maraqlı çıxışını gördükdən sonra Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildən Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Üç il bu teatrda fəaliyyət göstərib və maraqlı obrazlar yaradıb. 1935-ci ildən ömrünün sonunadək – 1994-cü il noyabrın 25-dək Gəncə Dövlət Dram Teatrında çalışıb. 1967-1968-ci illərdə N.K.Krpuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin Teatr aktyoru və rejissoru fakültəsini bitirib. 1948-ci ildə “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il pyes Gəncə teatrında tamaşaya qoyulub. Tamaşanın quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. “Yadigar” pyesi 1948-ci ildə “Müasir dramaturqların əsərlərinə baxış” ümumittifaq festivalında 3-cü dərəcəli diploma layiq görülüb. M.Burcəliyevin qəzet və jurnallarda 70-dən artıq məqalə, resenziya və oçerki dərc olunub.
O, aktyor kimi Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq obraz yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “Almaz”da Şərif, “Səyavuş”da Kərşivaz, “Fərhad və Şirin”də Azər baba, “Otello”da Rodriqo, “Vaqif”də İbrahim xan, “III Riçard”da Lord Hestinqs və s. obrazları onun yaradıcılığının əsasını təşkil edib. Bu teatrın səhnəsində M.Burcəliyev 11 əsərə – C.Məmmədquluzadənin “Ölülər”, T.Məmmədovun “Ürək yanarsa”, A.Məmmədovun “Həmyerlilər” və “Bəraət”, T.Mahmudun “Onuncular”, S.Rəhmanın “Əliqulu evlənir”, Q.Mehdiyevin “Oxşarlar”, Ş.Mehdiyevin “Mirzə Fətəli”, R.Həmzətovun “Dağlı qızı”, Y.Əzimzadənin “Anacan”, A.Şaiqin “Tülkü həccə gedir” pyeslərinə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib.
Həmçinin “Azərbaycanfilm”in istehsalı olan bir neçə ekran əsərində yaddaqalan rollar oynayıb. “Mən ki gözəl deyildim” filmində Əsgər, “Dəli Kür”də Allahyar, “Firəngiz”də Sürücü, “Gözlə məni”də Bəy, “Köhnə bərə”də İbrahim kişi, “Qəm pəncərəsi”ndə Rəşid bəy və “O dünyadan salam” filmində Hacı Baxşəli obrazları aktyorun geniş yaradıcılıq imkanlarından xəbər verir.
Məhəmməd Burcəliyev 1944-1945-ci illərdə Fikrət Əmirov ilə birgə Gəncə Dövlət Filarmoniyasını yaradaraq həmin illərdə bu mədəniyyət ocağının direktoru işləyib. 1950-1955-ci illərdə isə Gəncə Dövlət Dram Teatrının direktoru olub. 1955-ci ildə respublikanın Əməkdar artisti, 1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 1994-cü il noyabrın 25-də Gəncə şəhərində vəfat edib.
Jurnalist Əhməd İsayevin 12 mart 1989-cu il tarixli “Kommunist” qəzetində Məhəmməd Burcəliyev haqqında yazısında oxuyuruq: “...Əsl el adamıdır. Kimsənin xeyrindən-şərindən qalmaz. Elə ki, qəlbini açdın, qayğı-kömək umdun, o dəqiqə qabağa düşür, ərki çatan yerə məsləhətə, minnətə gedir. Özünün min bir qayğısı var. Yaşa dolub, oğul-uşağı da çox. Özündən bir kəlmə danışmaz, giley-güzarı xoşlayan deyil. Özgə dərdinə isə laqeyd qala bilmir. Əlli ildən çoxdur səhnəyə bağlanıb. Hamının sevimlisi, ağsaqqalı olub. Gəncə Dövlət Dram Teatrının salnaməsinə adı əbədilik yazılıb...”.
Deyirlər ki, yaşamaq da bir sənətdir – taledən hər kəsə bəxş olunan sənət. Əsl insan odur ki, bu ömrü mahir sənətkar kimi yaşayır. İnsan sənətkar olandan sonra isə ikiləşir, sevinci də, kədəri də ikiqat artır. Sənətkarın payına sevinc az düşür, yaradıcılıq əzabları, nigarançılıq, şübhələr onu sıxır. Ancaq bu əzablar bağbanın becərdiyi ağacın meyvəsini dərənə qədər keçirdiyi əzablar kimidir. İkinci bir əzab da var – acı illərin verdiyi mənəvi əzab.
Məhəmməd Burcəliyev təlaşlı, həyəcanlı günlərinin birini belə xatırlayır: “1951-ci ilin soyuq yanvar ayı idi. Bir gün xəbər gəldi ki, Mir Cəfər Bağırov Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasına baxacaq. Mən də teatrın direktoruyam, həm də baş rollardan birini oynayıram. Fikrim budur ki, Mir Cəfər Bağırovdan teatrın təmiri, rekonstruksiya olunması üçün bir şey qopardım. İşıqçılara tapşırdım ki, Bağırov rolunu ifa edən aktyor, Xalq artisti Əşrəf Yusifzadə səhnəyə çıxan kimi, projektorları tuşlasınlar lojada oturmuş katib Mir Cəfər Bağırovun üstünə. Əmin idim ki, bu, ona xoş gələcək, mən də teatrın dərdlərini həll edə biləcəyəm. Tamaşa qurtardı, qulbeçələrdən biri rəngi qaçmış halda qrim otağına gəlib dedi ki, Burcəliyev, “Kişi” səni çağırır. Onun sifətində mən öz faciəmi oxudum. Dedim, axı hələ qrimimi silməmişəm. Doğrusu, minlərlə adamı gedər-gəlməzə göndərən, elə bizim teatrdan Ələkbər Seyfini sürgün etdirən Bağırovla üz-üzə gəlməyə qorxurdum. Qulbeçə getdi, bir azdan sonra daha təşvişlə qayıdıb bildirdi ki, Bağırov deyir, eybi yoxdur, qrimdə gəlsin. Sibirin şaxtası dondurdu burnumu. Girdim kabinetimə. Bağırov qəti səslə soruşdu:
- Familiyan?!
Familyam yadıma düşmədi ki, düşmədi. Rəhbərlərdən biri dedi ki, Burcəliyevdir, yəqin yadından çıxıb.
Mir Cəfər Bağırov məni xeyli süzdükdən sonra, gülümsündü, təbrik edirəm, - dedi. - Yaxşı tamaşadır. Bəs teatrın binası niyə soyuqdur?
- Yoldaş Bağırov, 0,5 düyməlik boru tapılmır. Ona görə də qalmışıq belə.
O vaxt şəhərin birinci katibi Ağamirzə Əhmədov idi. Bağırov soruşdu:
- Bəs bu Ağamirzə Əhmədov sənə kömək eləmir?
Katib də təsdiq etdi ki, 0,5 düyməlik boru Gəncədə tapılmır.
Bağırov getdi. Səhərə kimi özümə gələ bilmədim. Bilmədim yeni tamaşa üçün bu təbrik idi, ya ölüm fərmanı. Hə, bu söhbət axşam saat 10-da oldu. Səhər saat 9-da Dəmiryol vağzalından xəbər gəldi ki, sizin teatrın adına 0,5 düyməlik boru gəlib, gəlin aparın”.
Teatrın vəziyyəti hər zaman Məhəmməd Burcəliyevi düşündürüb. Bu səbəbdən də onunla hər dəfə həmsöhbət olarkən fikirlərini öz cib dəftərcəmə qeyd edirdim. Bu gün həmin fikirlərə yenidən baxıram və aktyorun 1993-cü ildə dediyi maraqlı düşüncələrini bir daha oxuyuram: “Stanislavski deyir ki, teatr asılqandan başlayır. Elə biz də gəlin əvvəlcə teatrımızın asılqanına baş çəkək. İlboyu burada heç zaman palto, papaq görməzsiniz. Zalda oturan camaat soyuqdan əsir... Son zamanlar teatr xadimlərini narahat edən ən vacib bir məsələ də vardır. Teatrlar öz tamaşaçılarını itirirlər. Bunun səbəbi nədir? Nə üçün tamaşaçı teatrdan uzaqlaşır? Səbəbini araşdıranda, müxtəlif fikirlər, mülahizələr söylənilir. Bəziləri dramaturgiyamızın, bəziləri rejissor işinin zəifliyini, ümumiyyətlə, tamaşaların günün tələbinə cavab vermədiyini qeyd edirlər. Əlbəttə, bu sözlərdə də bir həqiqət vardır. Amma belə bir cəhəti unutmaq olmaz ki, tamaşaçı teatra hər şeydən əvvəl aktyor yaradıcılığına baxmağa gəlir. Tamaşaçını ən çox maraqlandıran aktyordur. O teatr bədbəxtdir ki, onun kollektivində tamaşaçı tərəfindən sevilən aktyoru yoxdur. O aktyor xoşbəxtdir ki, onun öz tamaşaçısı var. Keçmişdə teatr sahibləri (yəni antreprenyorlar – A.B.) tamaşaçı tərəfindən sevilməyən aktyorları işə götürməzdilər. İndi isə... Diplomu var, cavandır, yaraşıqlıdır, danışmağı bacarır – deməli aktyordur, deyib, kollektivləri yarıtmaz, ağır yüklərlə çətinliyə salırlar... Mən heç vaxt tamaşaçını qınamıram. Tamaşa maraqlı, məzmunlu olanda həmişə gəlirlər, baxırlar, xoş sözlər də deyirlər. Budur, Altay Məmmədovun “Kişilər” və ya Əfqanın “Qız atası” komediyaları otuz ildən çoxdur ki, teatrımızda oynanılır. Həmişə də salon adamla dolu olur. Əsər də var ki, hansı yolla, hansı vasitə ilə səhnəyə çıxdığını bilmirsən, məcburi hazırlanır, iki dəfə, üç dəfə göstərilib sıradan çıxır. Onun getməyi elə bir itki deyil, əsl bəla budur ki, biz neçə-neçə tamaşaçını incik salıb, itiririk”.
Xalq artisti Məhəmməd Burcəliyev 61 il səhnədə olub, onunla nəfəs alıb, sevinci, kədəri ilə yaşayıb. O öz yaradıcılığında, “kiçik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin mənasızlığını sübuta yetirməklə səhnədə hər obrazı tamaşaçıya zəngin ifadə vasitələri ilə təqdim etməyə çalışıb. Yəqin ki, belə olmasaydı Gəncə Dövlət Dram Teatrının səhnəsində Əfqanın “Qız atası” komediyasında Cavad kişi obrazı ilə 35 ildə 3000 dəfədən artıq çıxış etməklə tamaşaçı rəğbətini qazana bilməzdi.
Onun Gəncə Dövlət Dram Teatrının repertuar zənginliyini təmin etmək məqsədilə dramaturqların yetişdirilməsində də xidmətləri olub. Gəncədə yaşayıb-yaradan dramaturqlardan Altay Məmmədov və Fəridə Əliyarbəyli ilk səhnə əsərlərinin yaranmasının əsas səbəbkarı kimi Məhəmməd Burcəliyevin xüsusi xidmətinin olduğunu öz xatirələrində qeyd edirlər.
Altay Məmmədov yazır: “Mənim 1954-cü ildə çap etdirdiyim “Haralısan əmioğlu” hekayəsi əsasında qələmə aldığım “Həmyerlilər” pyesinin maraqlı tarixçəsi var. Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından sonra oturub yeyib-içirdik. Söhbət əsnasında çox yaxın ailəvi dostum olan, Xalq artisti Məhəmməd Burcəliyev qəfil mənə dedi:
- Altay, deyirəm bəlkə bir dram əsəri yazasan. Hə?...
- Nə? Mən? Dram əsəri? Nə danışırsan, ay Məhəmməd? Heç düşünmə.
- Niyə? Çox duzlu və məzəli qələmin var. Elə hekayələrin, oçerklərin bir dünyadır. Sən gəl, bir düşün.
- Yaxşı, baxarıq, – dedim. Bu söhbətdən bir müddət keçsə də Məhəmməd Burcəliyev yenə də öz fikirlərində israrlı idi və mənə dram əsəri yazmağımı təklif edirdi. Bir gün isə o, mənə “Həmyerlilər”in ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki, “Haralısan, əmioğlu?” hekayəmin motivləri əsasında bir özümü sınayım. Belə də oldu. “Həmyerlilər”i yazdım və pyesi Gəncə Dövlət Dram Teatrının bədii şurasına təqdim etdim. Pyes oxundu və qəbul edildi. Tamaşanın quruluşçu rejissoru isə elə Məhəmməd Burcəliyev özü oldu”.
Dramaturq Fəridə Əliyarbəyli isə “Xan qızı” tarixi dramının yaranması haqqında öz xatirələrində yazır: “70-ci illərin əvvəllərində Xalq artisti Məhəmməd Burcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik. O, mənə Xurşudbanu Natəvan haqqında pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və “Xan qızı”nı – ilk pyesimi yazdım”.
Unudulmaz sənətkar Məhəmməd Burcəliyev hələ çox-çox illər öz xatirələrinin işığında uzun və əbədi bir yol gedəcək. Bitməz, tükənməz bir yol. Bu yolun işığı isə sənətkarı daima xatirələrdə yaşadacaq. Ruhu şad olsun!
Anar BURCƏLİYEV
teatrşünas