“Bu gözəl şəhərdəki möhtəşəm memarlıq abidəsində üçüncü dəfə çıxış etməkdən çox məmnunuq”
Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib.
Peter Qut bu gözəl şəhərdə - Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq abidəsində artıq üçüncü dəfə çıxış etdiklərini və bundan çox məmnun olduqlarını bildirib. “Vyana musiqisini çoxları sevir. Bu qədər insanın bizi dinləməyə gəlməsindən çox xoşbəxtik”, - deyə o vurğulayıb.
Vyana Ştraus Festival Orkestri 2014-cü və 2016-cı illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib. Orkestrin budəfəki konserti də anşlaqla keçib.
Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim olunub. Peter Qut proqram boyu ifa etdikləri əsərlər və onların müəllifləri barədə məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib. O, həmçinin skripkada ifa edib. Orkestrin çıxışı alqışlarla qarşılanıb.
1978-ci ildən fəaliyyət göstərən orkestr Vyana musiqi ənənələrinin qoruyucusu kimi klassik əsərlərdən, o cümlədən Ştrauslar sülaləsinin bəstələrindən ibarət geniş repertuarı ilə dünyada nüfuz qazanıb.
Peter Qut Vyana Musiqi Akademiyasında təhsil alıb, sonra üç il Moskva Dövlət Konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın sinfində məşğul olub. Mütəmadi olaraq tanınmış simfonik və kamera orkestrləri ilə qastrollara çıxır.