2019-cu ilin Rusiyada “Türkiyə ili”, Türkiyədə isə “Rusiya ili” elan olunması ilə bağlı hər iki ölkədə hazırlıq işləri davam edir. Noyabrın 22-də Moskvada keçirilən “Türk mədəniyyəti günü” də belə tədbirlərdən biri idi.
Moskva Yunus Əmrə İnstitutu və Rusiya Dövlət Humanitar Elmlər Universitetinin işbirliyi ilə düzənlənən tədbirdə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, universitetin rektoru Yefim Pivovar, prorektor Vera Zabotkina, Yunus Əmrə İnstitutunun rəhbəri Ömər Özkan, Rus-Türk Təhsil və Araşdırma Mərkəzinin müdiri Aleksandr Vasilyev, tələbələr iştirak edirdi.
Ömər Özkan Rusiyadakı universitetlərdə çox sayda türkoloq və Türkoloji bölümdə təhsil alan tələbələr bu zəmində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı: “Türk mədəniyyəti günü” də bu əlaqələr istiqamətində bir layihədir. Ümumiyyətlə, Türkiyə və türk mədəniyyəti ilə bağlı keçirdiyimiz hər bir tədbir maraqla qarşılanır. 2019-cu il bu baxımdan hər iki ölkə üçün zəngin il olacaq”.
Rektor Yefim Pivovar universitetin nəzdində fəaliyyət göstərən Rus-Türk Təhsil və Araşdırma Mərkəzi ilə Yunus Əmrə İnstitutu arasında sıx əlaqələrin qurulduğunu qeyd etdi: “Belə yaxın işbirliyindən biri də bu yaxınlarda universitetimizdə gerçəkləşdirilən “Arxiv sənədlərində 500 illik Rusiya-Türkiyə əlaqələri” adlı sərgi oldu. Hazırda tələbələrimiz türk dilini öyrənir”.
Çıxışlardan sonra tədbirin bədii hissəsində universitetin Türkologiya bölümündə təhsil alan tələbələr Türkiyə ilə bağlı təqdimat etdilər. Türk şeirləri, mahnıları səsləndirildi, Nəsrəddin xocanın lətifələri ilə bağlı səhnəciklər nümayiş etdirildi. Rusiyalı tələbələrdən biri Azərbaycan şairi Nəsiminin şeirini söylədi. Sonra ebru sənəti ilə bağlı seminar keçirildi.
Mehparə SULTANOVA
Moskva