Dnepr və Nyu-York şəhərlərində Qara Qarayevin musiqisi səslənib

Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti Qara Qarayevin 100 illik yubileyləri ilə bağlı konsert təşkil olunub.

Dnepr şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Beynəlxalq Fondun, Dneprpetrovsk vilayətindəki azərbaycanlı diaspor qurumlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Dneprpetrovsk Vilayət Deputatlar Şurasının sədri Qleb Prıqunov iştirak ediblər.

Yubiley gecəsində çıxış edən səfir A.Xudiyev dahi bəstəkar Q.Qarayevin Azərbaycan və dünya musiqisinə töhfələrindən söz açıb. Diplomat, həmçinin Xalq Cümhuriyyətinin tarixindən, xalqımızın dövlətçilik ənənələrindən bəhs edib, Cümhuriyyət dövründə mütərəqqi dövlət təsisatlarının yaradılmasını diqqətə çatdırıb.

Q.Prıqunov çıxışında bu cür tədbirlərin keçirilməsinin Azərbaycan ilə Ukrayna arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb, birgə mədəni layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Dnepr şəhərindəki Müslüm Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov isə Azərbaycanın dahi şəxsləri ilə bağlı keçirdikləri tədbirlərdən söz açıb.

Sonra Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Dnepr Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin əsərləri səsləndirilib.

* * *

ABŞ-ın Nyu-York şəhərində isə böyük bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib.

Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı-Bruklin Dostluq Assosiasiyası, azərbaycanlı və yəhudi mədəniyyət təşkilatlarının, ölkəmizin BMT yanında nümayəndəliyi və ABŞ-dakı səfirliyinin birgə dəstəyi ilə reallaşıb.

Piano ifaçısı Nərgiz Əliyarova konserti açaraq dinləyiciləri bəstəkarın yaradıcılığı ilə tanış edib. Sonra Bakı-Bruklin Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib.

Tədbirdə pianoçular Nərgiz Əliyarova və Kamilla Məmmədova, skripka ifaçısı Azər Dəmirov, violonçel ifaçısı Kristin Lamprea, bəstəkar və cazmen Ruslan Ağababayev dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediblər.

Konsertdə Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən, “Don Kixot” simfonik qravürlərindən parçalar, romansları səsləndirilib və dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.