Paytaxtın G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində Bakı Musiqi Akademiyası Elmi tədqiqat laboratoriyasının əməkdaşları ilə görüş keçirilib.

Əvvəlcə laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə fəaliyyətləri haqqında məlumat verib. Laboratoriyanın elmi işçiləri “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” mövzusunda məruzə ediblər.

Sonra Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, tarzən Ramiz Quliyev məktəbin şagirdlərinə ustad dərsləri keçib. Sənətkar həm ixtisas not, həm də muğam fənlərinin tədrisində mühüm cəhətlərə toxunaraq ifaçılıq sənətinin incəliklərini şagird və müəllimlərə izah edib, onların suallarını cavablandırıb.

Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev BMA-nın Elmi tədqiqat laboratoriyasının əməkdaşlarına və görkəmli tarzənə təşəkkürünü bildirib.