Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Milli Konservatoriyasında keçirilən “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”nə yekun vuruldu.

Layihənin bədii rəhbəri, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi noyabrın 26-dan 30-dək davam edən müsabiqənin iştirakçılarını təbrik edərək, onlara yaradıcılıq uğurları arzuladı. Rektor müsabiqələrin gənc musiqiçilərin yaradıcılığına müsbət təsirindən söz açdı. Vurğuladı ki, müsabiqə instrumental ifaçılıqda yeni addımdır və milli musiqi ifaçılığına öz müsbət töhfəsini verəcək. Müsabiqəyə 60-a yaxın gənc ifaçı qatılıb. İştirakçıları görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin sədrliyi ilə Azərbaycanın tanınmış ifaçılarından ibarət münsiflər heyəti qiymətləndirib.

Sonra müsabiqənin qalibləri mükafatlandırıldı. Bütün alətlər üzrə ilk 3 yerin qaliblərinə diplomlar, müsabiqənin iştirakçılarına isə fəxri fərmanlar təqdim edildi.

Sonda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə qaliblərin qala-konserti keçirildi.

Qeyd edək ki, müsabiqə instrumental ifaçılıq (tar, kamança, qanun və milli nəfəs alətləri) üzrə 2 yaş qrupunu (16-19, 19-25) əhatə edirdi.

Münsiflər heyətinin sədri, Xalq artisti Ramiz Quliyev müsabiqə ilə bağlı fikirlərini bölüşərək bildirdi ki, çox əlamətdar bir tarixə, görkəmli musiqi xadimi Hacı Xanməmmədovun 100 illiyinə həsr edilən bu müsabiqə özlüyündə gəncliyin sənət bayramıdır. Layihə eyni zamanda gələcək nəslin təhsilinin və repertuarının inkişafına xidmət edir. Müsabiqə böyük sənət yolu keçmiş Hacı Xanməmmədovun adını daşısa da, burada Üzeyir bəydən bu günə kimi Azərbaycan bəstəkarlıq məktəbinin ən sanballı əsərləri səslənir, gənc nəsil bu nümunələrdən bəhrələnərək onları yaşadır. Mədəniyyət Nazirliyi və eyni zamanda musiqi təhsili verən müəssisələr mütəmadi olaraq belə layihələr həyata keçirirlər.  Milli Konservatoriyanın bu addımı da təqdirəlayiqdir. Çünki milli alətlərimizi yaşadan və sevən xalqımız hər zaman öz musiqisinə və bu mədəni irsinə sahib çıxacaq.

Xalq artisti, tarzən Zamiq Əliyev isə vurğuladı ki, müsabiqə nəticəsində çox istedadlı gəncləri tanıdıq: “Respublikamızda fəaliyyət göstərən musiqi təhsili ilə məşğul olan bütün təhsil müəssisələrindən olan tələbələr bu müsabiqədə iştirak edirlər. Şəki, Gəncə və digər şəhər və rayonlardan olan iştirakçılar böyük həvəslə müsabiqəyə qatılıblar. Bütün qalib və iştirakçılara sənət yolunda uğurlar arzulayıram”.

LALƏ