Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirildi. Tədbir Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi ilə birgə təşkil olunmuşdu. 

Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə Əməkdar mədəniyyət işçisi, mərhum tarzən Murtuz Mehdiyevin 75 illik yubileyi də qeyd edildi.

İnternat məktəbinin direktoru İradə Vəzirova çıxış edərək bildirdi ki, 1992-ci ildə BMT Baş Məclisi tərəfindən 3 dekabr tarixinin “Əlilliyi olan insanların beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul edilib. Bu əlamətdar günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır.

Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Əsab Əliyev bu tədris müəssisəsinin ilk rəhbəri olmuş mərhum tarzən Murtuz Mehdiyevin sənətə vurğunluğundan, insani keyfiyyətlərindən söz açdı. Bildirdi ki, vaxtilə onun rəhbərlik etdiyi bu məktəbdə təhsil alıb: “Amma təsəvvür etməzdim ki, vaxt gələcək onu əvəz edəcəyəm”.

Tədbirdə daha sonra Xalq artisti Ramiz Quliyev, bəstəkar Elnarə Dadaşova, professor Afət Novruzov və başqaları çıxış edərək tarzən Murtuz Mehdiyevlə bağlı xatirələrini bölüşdülər. Qeyd edildi ki, o, gözəl sənətkar olmaqla bərabər, həm də yüksək insani keyfiyyətlərə malik idi.

Çıxışlardan sonra M.Mehdiyevlə bağlı videoçarx nümayiş olundu. Tədbir konsert proqramı ilə davam etdi.

S.FƏRƏCOV