Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, tanınmış bəstəkar, tarzən Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Uşaq Filarmoniyasının solistləri çıxış ediblər.
Əvvəlcə Bəstəkarlar İttifaqının baş məsləhətçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova çıxış edərək Hacı Xanməmmədovun yaradıcılığından, tar ifaçılığında etdiyi yeniliklərdən söz açıb.
Yubiley gecəsində bəstəkarın konsert janrında yazdığı əsərlər və mahnılar səslənib.
Tar və orkestr üçün 2 və 3 saylı konsertlər, kamança və orkestr üçün konsert gənc istedadların ifasında maraqla qarşılanıb. Bundan başqa, bəstəkarın dillər əzbəri olan “Qurban olduğum”, “Yaşa könül”, “Yenə o bağ olaydı”, “Niyə döndü”, “Güllü”, “Getmə, amandır” və başqa mahnıları zalda əyləşən tamaşaçıların alqışları ilə müşayiət olunub. Nağaraçılardan ibarət “Qala” ritm qrupunun çıxışı da konsertin maraqlı nömrələrindən olub.