Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “QİÇS-lə mübarizə günü”nə (1 dekabr) həsr olunmuş “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Dilşad Mahmudova, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları – polkovnik İlhamə Qafarova, mayor Kəmalə Ələkbərova, QİÇS-i törədən zərərli vərdiş və həyat tərzi mövzusunda çəkilmiş “Mayak” filminin yaradıcı heyətindən Xalq artisti Məmməd Səfa, ssenari müəllifi Esmira Əyyub, BXA-nın müəllim və tələbələri iştirak ediblər.

BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələsgər Aslanov “QİÇS-lə mübarizə günü”nün tarixi, bu virusların törətdiyi xəstəliklərin ağır  nəticələri haqqında məlumat verib. Həkim Dilşad Mahmudova QİÇS-in xüsusilə narkomaniya vasitəsilə yayıldığını qeyd edərək gəncləri sağlamlıqlarını qorumağa, bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib. Mayor Kəmalə Ələkbərova QİÇS və insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında qanunların mühüm müddəalarını diqqətə çatdırıb.

BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova çıxış edərək gəncləri qeyri-sağlam vərdiş və hərəkətlərdən uzaq olmağa çağırıb.

Mövzu ətrafında müzakirələrdən sonra “Mayak” qısametrajlı bədii filmi (rejissor Fariz Əhmədov) nümayiş etdirilib. Narkoman ər, onun ikinci həyat yoldaşı və ögey oğlunun həyat konfliktindən bəhs edən film Mədəniyyət Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” (2011) müsabiqəsinin qalib layihələrindən biri kimi ekranlaşdırılıb.