Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair və publisist Əlirza Xələflinin 65 illik yubileyi qeyd edilib.

Tədbiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy açaraq yubilyarın həyat və yaradıcılığından bəhs edib, onu filosof şair, istedadlı nasir, kəsərli qələmə malik publisist kimi xarakterizə edib.

Bildirilib ki, Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya göz açan və məcburi köçkünlük həyatı yaşayan Əlirza Xələfli əsərlərini qəlbində Qarabağ ağrısı ilə qələmə alır.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, akademik Nizami Cəfərov, dilçi alim, professor Qəzənfər Kazımov yubilyarın poeziyası, nəsr əsərləri, publisistikası barədə fikirlərini bölüşüblər. Filologiya elmləri doktoru, professor İslam Qəribli “Sənətkarın həyat və yaradıcılıq fraqmentləri - son beş il” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, Ə.Xələflinin indiyədək 40-dan çox kitabı işıq üzü görüb.

Professorlar Təyyar Salamoğlu, Himalay Qasımov, Qəzənfər Paşayev, Mahmud Allahmanlı, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Ə.Xələfli yeni şeirlərini oxuyub.