Azərbaycan muğam sənətinin və Türkiyənin Mövləvi səma rəqslərinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyi dekabrın 4-də Ankarada möhtəşəm tədbirlə qeyd olundu.
Sənət axşamı Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Türkiyənin UNESCO üzrə Milli Komissiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Mərasimdə bədii hissədən öncə çıxışlar oldu.
Türk xalqlarının qədim mədəni sərvətini tanıtmaq və yaşatmaq üçün bir araya gəldiklərini vurğulayan TÜRKSOY-un baş katibi Düsen Kaseinov dedi: “Bizlər ata-babalarımızdan qalan mirası ən dəyərli xəzinəmiz olaraq görməkdəyik. Bu mirası qorumaq və zənginləşdirmək üçün birlikdə çalışırıq. Bugünkü tədbirimiz bunun ən gözəl nümunəsidir”.
Azərbaycanın mədəni zənginliklərindən muğamın ümumilikdə Türk dünyasının musiqi sənətindəki önəmini diqqətə çatdıran ölkəmizin Ankara böyükelçisi Xəzər İbrahim tədbirin təşkilində əməyi keçən TÜRKSOY və Türkiyənin UNESCO üzrə Milli Komissiyasına xüsusi təşəkkürlərini bildirdi.
Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədr müavini Deniz Çakar da tədbirin əhəmiyyətini qeyd etdi, ötən 10 ildə qardaş xalqlarımızın mədəni irsinin bir çox nümunələrinin UNESCO-nun müvafiq siyahılarına salındığını dedi.
Çıxışlardan sonra konsertin birinci hissəsində seyrçilər Türkiyənin Beynəlxalq Mövlana Cəmiyyəti (Uluslararası Mevlana Vakfı) Səma rəqsləri qrupunun kompozisiya-proqramına tamaşa etdi.
Tədbirin təşkilatçıları tərəfindən qrupa xatirə hədiyyəsi təqdim edildikdən sonra Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu səhnəyə çıxdı. Xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağarada Kamran Kərimov müşayiət edirdi. Gecədə səslənən Azərbaycan xalq və bəstəkar mahnıları, sonda isə “Qarabağ şikəstəsi” tamaşaçıların hərarətli alqışlarına səbəb oldu.
“Qarabağ” muğam qrupuna səfir Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədr müavini Deniz Çakar tərəfindən xatirə plaketləri təqdim edildi.
Tədbirdən sonra Ankarada yaşayan və çalışan azərbaycanlılar Bakıdan gələn sənətkar həmyerlilərilə xatirə şəkilləri çəkdirdilər.
Mehparə SULTANOVA
Ankara